37% fransalı Marin Le Penə səs verməyə hazırdır
Fransada keçiriləcək 2027-ci il prezident seçkilərində sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen ən güclü namizəd olaraq qalır.
TodayPress xəbər verir ki, bu barədə “Journal du Dimanche” qəzetinin sifarişi ilə “Ifop” sorğu mərkəzinin apardığı araşdırmanın nəticələrində qeyd olunub.
Təhlil çərçivəsində ilk tur üçün dörd fərqli namizəd kombinasiya ssenarisi nəzərdən keçirilib. Bütün hallarda Le Pen lider mövqedə qərarlaşıb, seçicilərin 37%-ə qədəri ona səs verməyə hazır olduqlarını bildiriblər.
Reytinqdə ikinci yerdə keçmiş baş nazir Eduar Filipp, üçüncü pillədə isə solçu “Əyilməyən Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon qərarlaşıb.
Lakin Le Penin siyasi gələcəyi ciddi hüquqi risk altındadır. 2023-cü ilin 30 sentyabrında Marin Le Pen, onun atası Jan-Mari Le Pen və daha 23 nəfər partiya üzvü barəsində Avropa İttifaqı vəsaitlərinin təyinatdan kənar istifadəsi ittihamı ilə məhkəmə prosesi başlayıb.
İttihama əsasən, 2004–2016-cı illərdə Avropa Parlamentindən alınan vəsaitlər partiya işçilərinin əməkhaqqı üçün xərclənib, halbuki bu şəxslər əslində “Milli Birlik” partiyasının strukturunda fəaliyyət göstərib. Ümumi ziyanın məbləği 6,8 milyon avro olaraq qiymətləndirilir.
Əgər məhkəmə Le Peni təqsirli bilsə, onu 10 ilədək həbs, 1 milyon avro cərimə və 5–10 il müddətinə seçkilərdə iştirak hüququnun məhdudlaşdırılması cəzası gözləyə bilər. Bu isə onun 2027-ci il prezident seçkilərində iştirak imkanlarını tamamilə aradan qaldıra bilər.
Qiymət Mahir
tag: Fransa,Seçki,Marin Le Pen,Məhkəmə,todaypress.az,