50-dən çox ölkə tarif danışıqları üçün ABŞ-yə müraciət etdi

Dünya

06.04.2025 19:00

14

Birləşmiş Ştatlar artıq 50-dən çox ölkədən Vaşinqton tərəfindən tətbiq olunmuş idxal rüsumlarının azaldılması və ya ləğvi məqsədilə danışıqlara başlamaq üçün müraciət alıb.

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett məlumat verib. 

“Mən dünən ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsindən hesabat aldım ki, 50-dən çox ölkə ABŞ prezidenti Donald Tramp ilə danışıqlara başlamaq üçün müraciət edib. Onlar bunu rüsumların tətbiqinə görə edirlər” deyə Hassett "ABC News" telekanalına müsahibəsində bildirib. 

Hassett həmçinin qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı idxal rüsumları tətbiq etməyib, çünki Tramp bu mövzunun Ukrayna üzrə sülh danışıqlarına mane olmasını istəmir.

“Aydındır ki, hazırda Rusiya və Ukrayna ilə danışıqlar aparılır və mən düşünürəm ki, prezident bu iki məsələni qarışdırmamaq qərarına gəlib” deyə o bildirib.

O əlavə edib ki, Rusiyaya qarşı tariflərin artırılmamasının səbəbi ABŞ-nin gələcəkdə Rusiyaya tamamilə fərqli yanaşacağı anlamına gəlmir. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2 aprel tarixində 185 ölkə və ərazidən gətirilən məhsullara gömrük rüsumları tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil edilməyib. Bundan əlavə, 3 apreldən etibarən ABŞ administrasiyası bütün idxal olunan avtomobillərə 25% həcmində gömrük rüsumu tətbiq edib.

Töhfə Səməd

tag: ABŞ,Vaşinqton,Kevin Hassett,Donald Tramp,Rusiya,Ukrayna,todaypress.az,