ABŞ administrasiyasında “sızıntı böhranı”: İstefalar gözlənilir...

Dünya

25.03.2025 16:06

2788

ABŞ-nin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və müdafiə naziri Pit Heqset yaxın günlərdə vəzifədən uzaqlaşdırıla bilər. Buna səbəb ABŞ-nin Yəməndə həyata keçirdiyi hava zərbələri ilə bağlı məlumatların mediaya sızdırılmasıdır. 

TodayPress xəbər verir ki, bu ehtimalı “The Times” qəzetinin şərhçisi Deyvid Çarter irəli sürüb.   

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp vəziyyətin necə inkişaf etdiyini izləmək üçün bir neçə gün gözləyəcək və yalnız bundan sonra kadr dəyişikliyi barədə qərar verəcək.

Çarterin fikrincə, Tramp komanda üzvlərinin onu “Atlantic” jurnalında çıxan sızma barədə öncədən xəbərdar etməməsinə görə qəzəblidir. Mətbuat konfransında bu məsələ ilə bağlı suala cavab verən Tramp “heç nədən xəbərinin olmadığını” deyib. 

Ən çətin vəziyyətdə olan şəxs Mayk Uoltsdur. “Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqin sözlərinə görə, məhz Uolts təsadüfən onu ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ilə birlikdə Yəməndəki “Ənsar Allah” hərəkatına (husilər) qarşı zərbələrin müzakirə olunduğu qrup söhbətinə əlavə edib.

Çarter qeyd edir ki, Uoltsun əvəz edilməsi daha asandır, çünki bu vəzifəyə təyinat Senatın təsdiqini tələb etmir. Bununla belə, “The Times” müdafiə naziri Heqsetin mövqeyinin də təhlükədə olduğunu yazır.  “Tramp onu bu vəzifəyə əsasən ekran qarşısında yaxşı göründüyü üçün təyin etmişdi. Lakin onun qalmaqallı xəbərə reaksiyası çox zəif idi” deyə müəllif qeyd edir. 

Heqset sızma ilə bağlı məlumatları inkar edərək bildirib ki, heç bir hərbi plan “Signal” tətbiqindəki söhbət vasitəsilə paylaşılmayıb.

O, həmçinin Ceffri Qoldberqə qarşı şəxsi ittihamlar da irəli sürüb. Qoldberq isə Heqseti yalan danışmaqda ittiham edib və əgər çatda doğrudan da əməliyyat detalları olubsa, bunu sübut edə biləcəyini deyib. Çarterə görə, Heqsetin siyasi təcrübəsinin olmaması bu vəziyyətdə onun əleyhinə işləyə bilər. 

Qiymət Mahir

tag: ABŞ,Administrasiya,Qalmaqal,Böhran,İstefa,Todaypress.az,