ABŞ BMT agentliklərinin maliyyələşdirilməsini dayandırdı

Dünya

01.03.2025 00:11

2461

ABŞ BMT agentliklərinin maliyyələşdirilməsini dayandırıb.

TodayPress  "Report"un ABŞ bürosuna istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının mənzil-qərargahında jurnalistlərə açıqlama verib.

Baş katib bildirib ki, Suriyada 2,5 milyon, Əfqanıstanda 9 milyon, Ukraynada isə 1 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğu bir dövrdə ABŞ-nin maliyyələşdirməni dayandırması bir sıra vacib proqramlara ciddi təsir göstərir:

“Son 48 saat ərzində BMT agentlikləri, eləcə də bir çox humanitar və inkişaf üzrə QHT-lər tərəfindən ABŞ-nin maliyyələşdirməni kəskin şəkildə azaltması ilə bağlı daxil olan məlumatlardan dərin narahatlığımı ifadə etmək istəyirəm” Quterreş vurğulayıb.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik isə bildirib ki, qərarın yenidən nəzərdən keçirilməsi ilə bağlı BMT və ABŞ-nin Tramp administrasiyası arasında danışıqlar davam edir.

Qeyd edək ki, ABŞ-nin BMT-yə 2,8 milyard dollar borcu var. Dünya təşkilatının qaydalarına əsasən, əgər hər hansı bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə ödəməli olduğu töhfənin məbləğindən artıq olarsa, həmin ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üzrə müntəzəm büdcəsi 3,72 milyard dollardır.

 

 

tag: ABŞ, Quttereş, BMT, Stefan, Borc, Dollar, todaypress.az,