ABŞ-də 20 nəfər öldü, fövqəladə vəziyyət elan olundu

Dünya

07.04.2025 18:00

11

ABŞ-nin bir sıra ştatlarında güclü yağışlar, tornado və daşqınlar nəticəsində azı 20 nəfər həyatını itirib. 

TodayPress xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Hadisələr əsasən Tennessi, Kentukki və Corciya ştatlarında qeydə alınıb.

Ölənlər arasında Kentukkidə avtobus dayanacağına gedərkən su axınında boğulan 9 yaşlı uşaq da var. Təkcə Tennessi ştatında 10 nəfər həyatını itirib, onların bir neçəsi Selmer şəhərinə təsir edən güclü tornado nəticəsində ölüb.

Corciyada isə qolf sahəsində ağacın insanların üzərinə aşması səbəbilə iki nəfər vəfat edib.

Ştatın qubernatoru Brayan Kemp onların yaxınlarına başsağlığı verib. Ümumilikdə 10 ştatda 90-dan çox tornado qeydə alınıb. “CNN”in 6 aprel tarixli məlumatına görə, ABŞ-nin Mərkəzi bölgələrində leysan yağışlar dağıdıcı daşqınlara səbəb olub.

Fövqəladə xidmətlər və Milli Meteorologiya Xidməti bildirir ki, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk zonasında yaşayır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqın təhlükəsinə görə ən yüksək, dördüncü səviyyəli xəbərdarlıq elan olunub.

Güclü sel səbəbindən yollar bağlanıb, təxliyələr aparılıb, yalnız şənbə günü 6 minə yaxın aviareys gecikib və genişmiqyaslı elektrik kəsintiləri baş verib. 

Qiymət Mahir

tag: ABŞ,Təbii Fəlakət,Tornado,Ölüm,Todaypress.az,