ABŞ-də abort qadağaları körpə ölümünü artırıb – Tədqiqat

Dünya

14.02.2025 18:05

950

Yeni araşdırmaya görə, ABŞ-də abort qadağaları mövcud sağlamlıq bərabərsizliyini daha da dərinləşdirib, yüksək riskli doğumların və körpə ölümü hallarının artmasına səbəb olub.

TodayPress xəbər verir ki, tibb jurnalı “JAMA”da dərc olunan araşdırmaya əsasən, abortun federal hüquq kimi tanınmasına son qoyan “Dobbs” qərarından sonra 14 ştatda tam və ya 6 həftəlik abort qadağası qüvvəyə minib. Bunun nəticəsində həmin ştatlarda doğum göstəricisi 1,7% artıb və hər 1,000 doğuş yaşında olan qadına bir əlavə doğuş düşüb. Daha önəmli nəticələrdən biri isə həmin ştatlarda körpə ölümünün 6% artması olub.

Mütəxəssislərin fikrincə, bu artım əsasən sosial-iqtisadi cəhətdən daha zəif olan qruplara – “Medicaid” istifadəçiləri, təhsili az olan şəxslər və azlıqlar arasında qeydə alınıb. Xüsusilə, qaradərili körpələr arasında ölüm halları 11% artıb ki, bu da orta göstəricidən iki dəfə yüksəkdir.

“Abort qadağaları doğuşların strukturunu dəyişdirir və körpə ölümü riski daha yüksək olan qrupların sayını artırır” deyə tədqiqat müəllifləri qeyd ediblər.

Cons Hopkins Universitetinin professoru Dr.Suzan Bell vurğulayıb ki, bu nəticələr hamilə insanların abort xidmətlərinə çıxışda ciddi maneələrlə üzləşdiyini və bunun nəticəsində arzuolunmaz və ya təhlükəli hamiləlikləri davam etdirməyə məcbur olduqlarını göstərir.

Eyni zamanda, araşdırma göstərib ki, abort qadağaları ilə bağlı ştatlarda anadangəlmə qüsurlara görə körpə ölümləri də 11% artıb. Bu isə hamilə qadınların letal anomaliyaları olan dölü sona qədər daşımağa məcbur qaldığını göstərir.

Mütəxəssislər qeyd edirlər ki, xüsusilə Texas ştatı nəticələrə böyük təsir göstərib. Araşdırmaya görə, əlavə doğumların 75%-i və əlavə körpə ölümlərinin 80%-i məhz bu ştatda qeydə alınıb.

Braun Universitetinin professoru Dr.Alisa Bilinski bu araşdırmanı şərh edərək vurğulayıb ki, abort qadağaları arzuolunmaz və yüksək riskli hamiləliklərin davam etdirilməsini məcburi hala gətirdiyindən, ABŞ-də uşaqlar və ailələr üçün daha güclü sosial dəstək sistemləri təmin edilməlidir.

Qiymət Mahir

tag: ABŞ,Abort,Hamilə,Qabağa,todaypress.az,