ABŞ-də güclü fırtına 75 milyon insan üçün təhlükə yaradır

Dünya

30.03.2025 17:50

2213

ABŞ-nin mərkəzi bölgələrindən keçən güclü fırtına sisteminin martın 30-u cənub və Orta Qərbi bürüməsi gözlənilir. 

TodayPress xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Hava şəraiti kəskin şəkildə pisləşəcək və həftə sonuna qədər 75 milyondan çox amerikalı təhlükə zonasına düşəcək. Fırtına güclü ildırımlar, iri dolu, dağıdıcı küləklər və lokal, lakin qəfil baş verən tornado riski ilə müşayiət olunur. Sistemin şimal tərəfində isə qış fəsli üçün xarakterik olan sərt küləklər və qar yağışı müşahidə oluna bilər.

Martın 29-u Cənubi Luiziananın Baton-Ruj şəhəri yaxınlığında qəfil daşqın xəbərdarlığı elan olunub. Bəzi bölgələrdə artıq 90–115 mm-ə qədər yağıntı qeydə alınıb.

Eyni zamanda, Oklahomanın əksər hissəsində tornado müşahidə sistemləri işə salınıb və xəbərdarlıqlar martın 30-u ilk saatlara qədər qüvvədə olub.

Fırtınanın Orta Qərb və ABŞ-ın cənubuna doğru hərəkət edəcəyi, xüsusilə şərqi Texasdan Böyük Göllərin cənubuna qədər olan ərazidə güclü ildırım, dolu və tornado riski yaradacağı gözlənilir.

Meteoroloqlar bildirirlər ki, bu təhlükəli hava sistemi bir neçə ardıcıl siklon dalğası ilə müşayiət olunacaq və həmin dalğalar müxtəlif bölgələri növbə ilə əhatə edəcək. 

Qiymət Mahir

tag: ABŞ,Fırtına,Təhlükə,Hadisə,todaypress.az,