ABŞ-də müəllim birlikləri Tramp administrasiyasını məhkəməyə verdi

Dünya

25.03.2025 20:00

2809

ABŞ-nin ən böyük müəllim həmkarlar ittifaqları və “Rəngli Əhalinin Tərəqqisinə Yardım üzrə Milli Assosiasiya” (NAACP) ölkə prezidenti Donald Trampın Təhsil Nazirliyini ləğv etmə təşəbbüsü ilə bağlı onun administrasiyasını məhkəməyə verib.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Tramp martın 20-də ABŞ Təhsil Nazirliyinin ləğvinə başlamaq haqqında fərman imzalayıb. Bu addım nazirliyin yaradılmasından 45 ildən çox müddət sonra atılıb.

Bundan dərhal sonra iki ayrı məhkəmə iddiası qaldırılıb. Birinci iddia Milli Təhsil Assosiasiyası (NEA) və NAACP tərəfindən Merilend ştatında, digəri isə Amerika Müəllimlər Federasiyası (AFT) tərəfindən Massaçusetsdə federal məhkəməyə təqdim olunub. Daha əvvəl demokratların idarə etdiyi bir sıra ştatlar da oxşar iddia ilə çıxış etmişdi.

“Bloomberg”in yazdığına görə, Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bəri Təhsil Nazirliyinin əməkdaşlarının təxminən yarısı işdən çıxarılıb. Təkcə mart ayında 1,3 mindən çox işçi işdən azad edilib.

İddiaçılar bildirirlər ki, artıq təxminən 1,5 milyard dollar dəyərində tədqiqat, müəllim hazırlığı və pedaqoji proqramlara ayrılmış qrant və müqavilələr ləğv edilib.

Eyni zamanda, Ağ Evin tələbə kreditlərinin idarəçiliyini — ümumilikdə 1,6 trilyon dollar məbləğində  Kiçik Biznes Administrasiyasına, əlilliyi olan tələbələr üçün dəstək proqramlarını isə Səhiyyə Nazirliyinə ötürməyi planlaşdırdığı qeyd olunur.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Təhsil,Müəllim birliyi,todaypress.az,