ABŞ-də müsəlman və yəhudi təşkilatlarından Trampa etiraz

Dünya

13.03.2025 17:22

2694

ABŞ-də müsəlman və yəhudi ictimai təşkilatları prezident Donald Trampı “fələstinli” sözünü təhqir kimi işlətməkdə ittiham ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Fevralın 12-də İrlandiyanın Baş naziri Mixol Martinlə görüş zamanı Tramp jurnalistlərin suallarını cavablandırarkən Demokratlar Partiyasının Senatda lideri Çak Şumeri sərt tənqid edib.

O, demokratların 6 mart tarixində Konqresdəki çıxışına mənfi reaksiya verməsindən narazı qalıb. “Şumer – fələstinlidir, mənim gördüyüm budur. O, fələstinliyə çevrilib. Əvvəllər yəhudi idi, amma daha yəhudi deyil, o, fələstinlidir” deyə Tramp jurnalistlərə bildirib.

ABŞ-nin ən böyük yəhudi hüquq-müdafiə təşkilatı olan Antidiffamasiya Liqası (ADL) Trampın sözlərini kəskin tənqid edərək, ABŞ prezidentinin kimin yəhudi olub-olmadığını müəyyənləşdirmək hüququna malik olmadığını vurğulayıb.

Ölkənin ən böyük müsəlman qeyri-hökumət təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) da Trampın çıxışını pisləyib. Təşkilatın rəhbəri Nihad Əvad bildirib ki, Tramp fələstinliləri marginallaşdırır və üzr istəməlidir: “Prezident Trampın “fələstinli” terminini təhqir kimi işlətməsi qəzəbləndiricidir və onun vəzifəsinə yaraşmır”. Trampın açıqlamaları digər böyük yəhudi və müsəlman ictimai qurumları tərəfindən də sərt tənqid olunub. Qiymət Mahir

tag: Tramp,ABŞ,Tənqid,İttiham,Todaypress.az,