ABŞ-də ukraynalılara yanlış bildiriş göndərildi

Dünya

05.04.2025 13:10

2434

ABŞ prezidenti Donald Trampın administrasiyası bəzi ukraynalı qaçqınlara hüquqi statuslarının ləğv olunduğunu bildirən e-poçtlar göndərib, lakin daha sonra bu bildirişlərin səhvən yollandığını etiraf edib. 

TodayPress xəbər verir ki, məsələ barədə ilk olaraq “CBS News” məlumat yayıb.

3 aprel tarixli bildirişdə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bəzi ukraynalıların “şərti azadlıq” statusunun ləğv olunduğunu qeyd edib: 

“Əgər daha əvvəl baş verməzsə, status məktubun alınmasından yeddi gün sonra qüvvədən düşəcək”.

Söhbət Bayden administrasiyası dövründə müharibədən qaçaraq ABŞ-yə gələn və “Uniting for Ukraine” (U4U) proqramı çərçivəsində müvəqqəti hüquqi müdafiə və iş icazəsi almış 240 minə yaxın ukraynalıdan gedir.

Onların bəziləri Meksika üzərindən ölkəyə daxil olmuş və humanitar məqsədlərlə “şərti azadlıq” statusu almışdı. Səhv bildirişlərlə bağlı sonradan ABŞ rəsmiləri ikinci məktub yayaraq vəziyyəti izah ediblər:

“Əgər sizə “Şərti azadlığın ləğvi barədə bildiriş” adlı e-poçt göndərilibsə, bilin ki, bu, Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən səhvən göndərilmişdir. Statusunuzla bağlı heç bir tədbir görülməyəcək”.

Tramp administrasiyası hələ ki, “Uniting for Ukraine” proqramını rəsmi olaraq ləğv etməyib, lakin onun çərçivəsində yeni qəbul və mövcud statusların uzadılması proseslərini dayandırıb.

Hüquq müdafiəçiləri isə bu səhvin təsadüfi olmadığından ehtiyat edirlər və gələcəkdə bu şəxslərin statuslarının ləğv oluna biləcəyindən narahatdırlar. 

Qiymət Mahir

tag: ABŞ,Ukraynalılar,Yanlış,Bildiriş,Todaypress.az,