ABŞ hərbi-kosmik kəşfiyyatının daha bir peyk qrupu orbitə çıxarıldı
ABŞ-nin Hərbi-Kosmik Kəşfiyyat İdarəsi (NRO) “SpaceX” şirkətinə məxsus "Falcon 9" raket daşıyıcısının daha bir qrupu kəşfiyyat peyklərini uğurla orbitə çıxardığını açıqlayıb.
TodayPress xəbər verir ki, "NROL-145" adlı missiya çərçivəsində həyata keçirilən buraxılış Kaliforniyada yerləşən Vandenberq Hərbi Kosmik Qüvvələr bazasındakı "SLC-4E start" platformasından yerli vaxtla səhər saat 05:29-da həyata keçirilib.
Təxminən bir saat yarımdan sonra peyklər orbitə çatdırılıb.
Bu, ötən ildən bəri optik-elektron kəşfiyyat üçün orbitə çıxarılan onuncu mini-peyk partiyasıdır. Lakin aparatların sayı və texniki təyinatı barədə ətraflı məlumat məxfi saxlanılır.
NRO daha öncə bildirib ki, qarşıdakı dövrdə orbitdəki peyklərinin sayını dörd dəfə artırmağı planlaşdırır. Bu peyklərə inteqrasiya olunmuş yeni texnologiyalar kəşfiyyat məlumatlarının həcmini 10 dəfə artırmağa imkan verəcək. Kiçik ölçülü və sayca çox peyklər kritik bölgələri daha tez-tez izləməyə və operativ məlumat əldə etməyə şərait yaradacaq.
Buraxılan peyklər 2021-ci ildə NRO ilə “SpaceX” və “Northrop Grumman” şirkətləri arasında imzalanmış 1,8 milyard dollar dəyərində müqavilə çərçivəsində istehsal olunub.
Qeyd edək ki, bu missiyada istifadə olunan raketin birinci mərhələsi artıq 12-ci dəfə tətbiq edilib və buraxılışdan sonra “Of Course I Still Love You” adlı dəniz platformasına uğurla eniş edib.
Qiymət Mahir
tag: ABŞ,NRO,SpaceX,Falcon 9,todaypresss.az,