ABŞ Konqresi Trampla bağlı yeni qətnamə təqdim etdi

Dünya

24.01.2025 12:30

977

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ABŞ prezidenti Donald Trampın üçüncü müddətə yenidən seçilməsinə imkan verəcək qətnamə təqdim ediblər. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Respublikaçı Endi Oqlesin müəllifi olduğu təşəbbüs ABŞ Konstitusiyasına düzəlişlər etməyi və ərizəçinin ardıcıl iki müddət prezidentlik etməməsi şərti ilə ən yüksək dövlət idarəsində mümkün müddətlərin sayını üçə çatdırmağı təklif edir.

Qətnamə layihəsində deyilir: “Heç kəs üç dəfədən artıq prezident vəzifəsinə seçilə və ya ardıcıl iki müddətə seçildikdən sonra əlavə müddətə yenidən seçilə bilməz”. 

Layihənin qəbulu Trampa 2028-ci ildə üçüncü müddətə seçilməyə imkan verəcək, çünki o, 2020-ci ildə yenidən seçilə bilməyib.

Eyni zamanda, qətnamə Ağ Evi ardıcıl iki müddət idarə etmiş eks-prezidentlər Bill Klinton, Corc Buş və Barak Obamanın yenidən seçilməsini qeyri-mümkün edir. 

"Axios" portalı qeyd edir ki, qətnamənin qəbulu mümkün deyil, çünki bunun üçün Konqresin hər iki palatasındakı qanunvericilərin üçdə ikisi tərəfindən təsdiqlənməsi, həmçinin Amerika Konstitusiyasının dəyişdirilməsi üçün onun 38 ştatın hakimiyyət orqanları tərəfindən ratifikasiyası tələb olunur.

Eyni zamanda, nəşr hesab edir ki, belə bir təşəbbüsün ortaya çıxması Nümayəndələr Palatasının üzvləri sırasında Trampa dərin sədaqəti nümayiş etdirir. 

Xatırladaq ki, ABŞ Konstitusiyasında 1951-ci ildə qəbul edilmiş 22-ci əlavəyə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq (ardıcıl və ya fasilələrlə) dövlət başçısı seçilə bilər.   

Töhfə Səməd

tag: Ağ Ev,Qərar,Tramp,Lider,Todaypress.az,