ABŞ Meksikaya təşəkkür etdi
ABŞ dövlət katibi Marko Rubio Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente ilə danışıqlar zamanı miqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlığa görə təşəkkür edib. Bu əməkdaşlıq sayəsində qeyri-qanuni miqrant axını əhəmiyyətli dərəcədə azalıb.
TodayPress xəbər verir ki, bu barədə məlumat Meksika Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.
“Rubio Meksikaya miqrasiya və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa görə təşəkkürünü bildirib. Bu əməkdaşlıq qeyri-regulyar miqrasiya axınlarının ciddi şəkildə azalmasına imkan verib” deyə bəyanatda qeyd olunur.
Tərəflər Rubionun yaxın vaxtlarda Meksikaya mümkün səfəri ilə bağlı razılıq da əldə ediblər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, qeyri-qanuni silah dövriyyəsinə qarşı mübarizə və T-MEC (ABŞ-Meksika-Kanada azad ticarət sazişi) çərçivəsində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, ABŞ son aylarda qeyri-qanuni miqrasiya və narkotrafiklə mübarizə üçün 300 milyon dollardan çox vəsait xərcləyib. Təkcə ilk ay ərzində bu sahədə Pentaqonun xərci 250 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin sonunda ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Meksika prezidenti Klaudiya Şeynbaum ona miqrasiya ilə mübarizədə dəstək vəd edib. Trampın sözlərinə görə, Şeynbaum ABŞ-nin cənub sərhədini bağlamağa hazırdır.
Qiymət Mahir
tag: ABŞ,Meksika,Təşəkkür,Marko Rubio,Todaypress.az,