ABŞ “Minuteman III” ballistik raketini sınaqdan keçirdi

Dünya

19.02.2025 18:30

2616

ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı planlı şəkildə silahsız “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilir ki, raket Kaliforniyadakı Vandenberq hərbi bazasından yerli vaxtla saat 01:00-da buraxılıb.

“Bu sınaq buraxılışı ABŞ-nin nüvə çəkindirmə sisteminin təhlükəsiz, etibarlı və XXI əsrin təhdidlərini dəf etməyə qadir olduğunu nümayiş etdirmək məqsədi daşıyan müntəzəm və dövri tədbirlərin bir hissəsidir” deyə Komandanlığın açıqlamasında bildirilir.

“Minuteman III” raketi silahsız döyüş başlıqlarını Sakit okeandakı Amerika poliqonuna – Marşall adalarının Kvajalein atolu yaxınlığındakı hədəfə çatdırıb. Uçuş məsafəsi təxminən 6,8 min kilometr olub.

Komandanlıq qeyd edib ki, ABŞ standart prosedurlara uyğun olaraq, ikitərəfli öhdəliklər çərçivəsində Rusiya tərəfini buraxılış barədə əvvəlcədən məlumatlandırıb.

Qiymət Mahir

tag: ABŞ,Dünya,Raket,Sınaq,todaypress.az,