ABŞ-nin fond bazarında fərdi investorların marağı yüksək olaraq qalır
2025-ci ildə fərdi investorlar ABŞ-nin fond bazarına aktiv şəkildə sərmayə qoymağa davam edir. Bu, ABŞ prezidenti Donald Trampın siyasətinə dair narahatlıqlar səbəbilə peşəkar aktiv idarəçilərinin bazarda iştirakını azaltdığı bir vaxtda baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “VandaTrack” platformasının məlumatlarına istinadla yazıb.
İlin əvvəlindən bəri fərdi investorların ABŞ səhm və ETF-lərinə yatırdığı vəsaitin həcmi 67 milyard dollar təşkil edib.
Bu göstərici 2024-cü ilin son rübündə qeydə alınan 71 milyard dollardan cüzi azdır.
“FT” yazır ki, bazarda qeyri-sabitliyə və Trampın gözlənilməz qərarlarına baxmayaraq, fərdi investorlar səhmlərin perspektivlərinə nikbin yanaşmağa davam edir. Çinin süni intellekt startapı “DeepSeek”in ortaya çıxması da bu qeyri-müəyyənliklərə əlavə olunub.
“S&P 500” indeksi 2025-ci ilin əvvəlindən 2%, texnoloji şirkətlərin alt indeksi isə 8% dəyər itirib. Halbuki son iki ildə bu indekslər əsasən texnologiya sektorunun yüksəlişi sayəsində davamlı artım göstərmişdi. “Goldman Sachs”ın məlumatına görə, 2025-ci ildə fərdi investorlar yalnız 7 ticarət sessiyasında xalis satış həyata keçirib, baxmayaraq ki, “S&P 500” 25 sessiyada mənfi nəticə göstərib.
Eyni zamanda, “Bank of America” bildirir ki, iri investorlar mart ayında ABŞ səhm bazarındakı mövqelərini rekord səviyyədə azaldıblar.
“Financial Times” yazır ki, fərdi investorlar əvvəlki illərdə yüksək artım göstərmiş, lakin 2025-ci ildə ucuzlaşmış şirkətlərin səhmlərinə yönəlməyə davam edirlər.
“JPMorgan”ın məlumatına əsasən, yalnız ötən həftə onlar “Tesla” səhmlərinə 3.2 milyard dollar, “Nvidia” səhmlərinə isə 1.9 milyard dollar yatırıb.
“Tesla” və “Nvidia” səhmləri isə 2025-ci ilin əvvəlindən bəri 9.6% ucuzlaşıb.
Qiymət Mahir
tag: ABŞ,Fond,Bazar,İnvestor,Maraq,Todaypress.az,