ABŞ-nin oyuncaq sənayesi yeni rüsumlarla mübarizədədir

Dünya

14.03.2025 19:08

2442

ABŞ-nin illik 28 milyard dollardan çox pərakəndə satış dövriyyəsinə malik oyuncaq sənayesi Çindən idxal olunan mallara tətbiq edilən əlavə rüsumlarla mübarizə aparmağa çalışır.

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Bildirilib ki, ABŞ bazarında oyuncaqların böyük hissəsi Çində istehsal edildiyindən, yeni rüsumlar “MasterPieces” kimi yerli oyuncaq markalarını əlavə xərcləri təchizat zəncirinin digər iştirakçıları, o cümlədən istehlakçılarla bölüşməyə məcbur edir.

ABŞ-nin “MasterPieces” markasını təmsil edən Suzi Braun 4-7 mart tarixlərində Nyu-Yorkda keçirilən 2025-ci il Şimali Amerika Beynəlxalq Oyuncaq Sərgisində əlavə 10 faizlik rüsumun qüvvəyə minməsi ilə bağlı xəbəri aldığını bildirib.

“Bu, bizi, müştərilərimizi və pərakəndə satıcıları çətin vəziyyətə salacaq.Artıq qiymətləri müştərilərimizə elan etmişik və gözlənilməz tariflərlə üzləşirik” deyə o, vurğulayıb.

Onun sözlərinə görə, şirkət yeni rüsumlar səbəbindən pərakəndə qiymətləri qaldırmağa məcbur olacaq.

“Bu, zəncirvari reaksiya doğuracaq. Çünki heç kim əlavə xərcləri özü qarşılayacaq qədər qazanmır.Nəticədə bütün yük istehlakçıların, yəni uşaqların və ailələrin üzərinə düşəcək” deyə Britaniyanın “Kids Brand Insight” oyun və oyuncaq konsaltinq şirkətinin rəhbəri Stiv Ris bildirib. 

ABŞ-də oyuncaq satışları 2023-cü ildə yüksək inflyasiya səbəbindən 7 faiz azalıb və hələ də bərpa olunmayıb. Risin fikrincə, rüsumlar istehsal və istehlaka mənfi təsir göstərir, çünki ABŞ istehsal baxımından Çinlə rəqabət apara biləcək gücə malik deyil. 

Qeyd edək ki, ABŞ-də oyuncaqların yalnız 1-2 faizi yerli istehsaldır, qalan 80 faizi isə Çində istehsal edilir. Mütəxəssislər hesab edir ki, yerli istehsal artsa da, bu, ciddi dəyişiklik yaratmayacaq, çünki ABŞ-də oyuncaq istehsalının geniş miqyasda təşkili iqtisadi baxımdan səmərəli deyil. 

Qiymət Mahir

tag: ABŞ,Oyuncaq,Sənaye,Rüsum,Todaypress.az,