ABŞ-nin vitse-prezidenti Vatikan rəhbəri ilə görüşdü
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens aprelin 20-si Roma Papası I Fransisklə qısa görüş keçirərək Pasxa bayramı münasibətilə təbriklərini çatdırıb. Görüş Donald Tramp administrasiyasının miqrantların deportasiyası ilə bağlı planlarının Vatikanla fikir ayrılığına səbəb olduğu bir vaxtda baş tutub.
TodayPress “Associated Press”ə istinadən xəbər verir ki, görüş Roma Papasının yaşadığı Santa-Marta iqamətgahında baş tutub.
88 yaşlı Papa Vensə onun üç azyaşlı övladı üçün böyük şokoladlı Pasxa yumurtaları, eləcə də Vatikan qalstuku və təsbeh hədiyyə edib.
“Bilirəm ki, səhhətiniz tam qaydasında deyil, amma sizi yaxşı görmək çox xoşdur. Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm” deyə Vens görüş zamanı bildirib.
Vitse-prezidentin korteji Müqəddəs Pyotr meydanında keçirilən Pasxa ayini zamanı Vatikanın yan qapısından içəri daxil olub. Ayini Papa deyil, onun tapşırığı ilə digər kardinallardan biri aparıb
Vensin ofisindən bildirilib ki, görüş keçirilib, lakin əlavə detallar açıqlanmayıb. Kortej ümumilikdə 17 dəqiqə ərzində Vatikan ərazisində qalıb.
Daha sonra Ceyms Devid Vens ailəsi ilə birlikdə şəhərdən kənarda yerləşən Müqəddəs Pavel Katedralində təşkil olunan Pasxa ayinlərinə qatılıb və orada apostol Pavelin məzarını ziyarət edib.
Qiymət Mahir
tag: ABŞ,Vatikan,Papa,Ceyms Devid Vens,todaypress.az,