ABŞ-nin yardımının azalması Əfqanıstanda səhiyyə sistemini çökdürdü

Dünya

25.03.2025 17:35

1785

Əfqanıstanın doğum və uşaq sağlamlığı sahəsində onsuz da zəif olan səhiyyə sistemi ABŞ-nin maliyyə yardımını kəskin şəkildə azaltması səbəbilə ciddi böhranla üzləşib. Xüsusilə ucqar və dağlıq ərazilərdə yaşayan qadınlar və uşaqlar üçün vəziyyət kritik hal alıb. 

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” və BMT-nin müxtəlif strukturları məlumat yayıb.   

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkənin 34 vilayətindən 25-də ümumilikdə 167 səhiyyə məntəqəsi bağlanıb.

Əgər maliyyə müdaxiləsi olmazsa, 2025-ci ilin iyun ayına qədər bu say 220-ni keçə bilər. 

ABŞ-nin maliyyə dəstəyini kəsməsi “Save the Children” təşkilatının və tərəfdaşlarının dəstəklədiyi 18 səhiyyə müəssisəsinin də bağlanmasına səbəb olub.

Hazırda yalnız 14 klinika daha bir ay fəaliyyətini davam etdirəcək qədər vəsaitə sahibdir. Təkcə yanvar ayında bu 32 klinikada 134 mindən çox uşağa tibbi yardım göstərilib. 

Qəzni vilayətinin səhiyyə rəsmiləri son üç il ərzində səhiyyə xidmətlərində müəyyən irəliləyişlər olduğunu qeyd etsələr də, mərkəzlərin bağlanmasının fəsadlarının ağır olduğunu bildirirlər.   

BMT-nin fevral ayında yaydığı bəyanata əsasən, ABŞ-nin yardımlarını azaltması mobil səhiyyə qruplarının fəaliyyətinin dayandırılmasına və 9 milyon nəfərin tibbi xidmətlərdən məhrum qalmasına səbəb olub. 

Əfqanıstanın ümumi səhiyyə sistemi 2021-ci ilin avqustunda ABŞ-nin hərbi qüvvələri ölkədən çıxdıqdan sonra təxminən 9 milyard dollarlıq Əfqanıstana məxsus vəsaitin dondurulması və əlavə yardım kəsintiləri ilə demək olar ki, iflic vəziyyətinə düşüb. 

Qiymət Mahir

tag: ABŞ,Əfqanıstan,Səhiyyə,Sistemi,Çöküş,Todaypress.az,