ABŞ ordusu süni intellektdən istifadə edəcək
ABŞ Silahlı Qüvvələrinin Səhra Qoşunları süni intellekt və digər müasir texnologiyaların tətbiqi ilə ölkə üzrə yayılmış sursat anbarlarının təhlükəsizliyini gücləndirməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə “Defense News” portalına açıqlamasında ABŞ Ordusunun Logistika Komandanlığının rəhbəri, briqada generalı Ronni Anderson məlumat verib.
General qeyd edib ki, anbarlar ölkə ərazisində geniş şəkildə səpələndiyi üçün onların təhlükəsizliyini ənənəvi üsullarla təmin etmək getdikcə çətinləşir.
Təhlükələr arasında həm silahlı şəxslərin qanunsuz müdaxiləsi, həm də yeni texnoloji təhdidlər – xüsusən dronların hava məkanına müdaxiləsi yer alır.
“Son zamanlar 42 dəfə sursat anbarları yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) müşahidə edildiyini qeydə almışıq. Bu nə məqsədlə edilir? Hələ dəqiq bilmirik ki, düşmən niyyətidir, yoxsa sadəcə maraq” deyə Anderson bildirib.
O, əlavə edib ki, fiziki baryerlərlə bütün anbarların əhatəyə alınması maliyyə baxımından qeyri-real olduğundan ABŞ ordusu yeni texnologiyalara yönəlir.
Onun sözlərinə görə, süni intellektlə təchiz olunmuş mobil sistemlərin quraşdırılması daha effektiv və qənaətlidir:
“5 milyon dollardan az məbləğə biz sensorlar, kameralar, radar və rabitə vasitələri ilə təchiz olunmuş mobil treyler əldə edə bilərik. Bu sistemlər təhdidləri aşkarlayıb mərkəzə siqnal göndərə biləcək”.
Artıq Kentukki ştatında yerləşən anbarlardan birində üç müxtəlif sənaye şirkətinin iştirakı ilə pilot layihə test mərhələsinə buraxılıb. Növbəti mərhələdə Missuri ştatındakı hərbi zavodda da analoji layihə reallaşdırılacaq.
Qiymət Mahir
tag: ABŞ,Ordu,Süni,İntellekt,İstifadə,Todaypress.az,