ABŞ prezidentinin xüsusi nümayəndəsi istefa verir
ABŞ prezidenti Donald Trampın girovlarla bağlı xüsusi nümayəndəsi Adam Böler vəzifəsindən istefa verəcək.
TodayPress xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, Bölerin istefası əvvəlcədən planlaşdırılmışdı və bu qərar Tramp administrasiyasının ona daha geniş səlahiyyətlər vermək niyyəti ilə bağlıdır.
Nəşrə görə, Adam Böler Ağ Evin adından HƏMAS-la İsrail girovlarının azad edilməsi üçün aparılan danışıqlara rəhbərlik edib.
Həmçinin o, HƏMAS nümayəndələri ilə bilavasitə görüşən ilk ABŞ rəsmisi olub.
Bu danışıqlar Trampın razılığı ilə aparılsa da, Senatda bəzi respublikaçılar arasında narazılıq yaradıb. Onlardan bəziləri bu məsələni Ağ Evdə qapalı şəkildə müzakirə ediblər.
Həftənin əvvəlində ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Bölerin HƏMAS-la görüşü birdəfəlik olub və hazırda Tramp administrasiyasının Yaxın Şərq üzrə əsas nümayəndəsi Stiv Uitkoff girovlarla bağlı danışıqların əsas kanalıdır.
Ağ Evin sözçüsü Kerolayn Livitt isə qeyd edib ki, Adam Böler girovlarla bağlı danışıqlara fokuslanan xüsusi nümayəndə kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Donald Tramp müxtəlif məsələlər üzrə bir neçə xüsusi nümayəndə təyin edib. Onlardan ikisi birbaşa Ukraynadakı müharibə ilə bağlı danışıqlara təsir göstərir.
Ukrayna və Avropa ilə əlaqələri istefada olan general Kit Kelloq koordinasiya edirdi. O, keçən ay Ukraynaya səfər etmişdi. Lakin Qərb mediasının məlumatına görə, Moskvanın tələbi ilə Kelloq danışıqlardan uzaqlaşdırılıb.
Rusiya onu həddindən artıq Ukrayna tərəfdarı olmaqda ittiham edib.
Digər əsas fiqur isə ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffdur.
O, danışıqlarda Rusiya ilə əlaqələri koordinasiya edir. Bir neçə gün əvvəl Moskva səfərində 30 günlük atəşkəs təklifi ilə bağlı müzakirələr aparıb.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Nümayəndə,İstefa,Todaypress.az,