ABŞ Serbiya şirkətinə qarşı sanksiyaları təxirə saldı

Dünya

26.04.2025 11:35

12

ABŞ Serbiyanın "Naftna Industrija Srbije" (NIS) şirkətinə qarşı sanksiyaların tətbiqini növbəti dəfə təxirə salaraq Belqrada daha 60 günlük möhlət verib.

TodayPress xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç "Instagram" hesabında yazıb.  

"Bu, Serbiya vətəndaşları üçün şad xəbərdir. Serbiya yenidən NIS-ə qarşı sanksiyaların bu dəfə iki aylıq müddətə - iyunun 27-nə qədər təxirə salınmasını təmin edə bilib. Serbiyanın mövqeyini başa düşdüyü üçün amerikalı tərəfdaşlarımıza təşəkkür edirik" deyə o bildirib. 

Qeyd edək ki, yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Qazprom" neft şirkətini, onun rəhbəri Aleksandr Dyukovu və NIS daxil olmaqla 20-dən çox törəmə müəssisəsini sanksiyalar siyahısına əlavə edib.

Xatırladaq ki, Serbiyanın Neft Sənayesi Cənub-Şərqi Avropada ən böyük şaquli inteqrasiya edilmiş enerji sistemlərindən biridir. Neft və qazın kəşfiyyatı və hasilatı, neft məhsullarının marketinqi, elektrik enerjisinin istehsalı və ticarəti, neft-kimya sahəsində layihələrin həyata keçirilməsi ilə məşğuldur. Əsas istehsal müəssisələri Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya və Macarıstanda yerləşir. Onun əsas səhmdarları "Qazprom" Neft (səhmlərin 44,85%-i), "Qazprom" (11,3%) və Serbiyadır (29,87%). 

Töhfə Səməd 

tag: ABŞ ,Serbiya,NIS,Aleksandr Vuçiç,todaypress.az,