ABŞ və İran arasında 2015-ci il sazişi yenidən gündəmdə - DETALLAR
“İranın 3,67%-dən yüksək uran zənginləşdirməsinə ehtiyac yoxdur, bu, nüvə silahına gedən yoldur”.
TodayPress xəbər verir ki, bunu ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində deyib.
O, hazırda Tehranla apardığı danışıqlarda 2015-ci ildə Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişini (Birgə Hərtərəfli Fəaliyyət Planı – BHFP) əsas istinad nöqtəsi kimi qiymətləndirib.
Xatırladaq ki, həmin sazişə əsasən, İranın uranı 3,67%-dən yüksək səviyyədə zənginləşdirməsi qadağan olunmuşdu. Donald Tramp bu sazişdən 2018-ci ildə çıxmışdı.
“İran bəzi hallarda 60%, digərlərində 20% səviyyəsində zənginləşdirmə aparır. Bu yolverilməzdir. Əgər məqsəd mülki nüvə proqramıdırsa, 3,67%-dən yuxarı zənginləşdirmə olmalı deyil” deyə Uitkoff vurğulayıb.
Onun sözlərinə görə, növbəti mərhələdə keçiriləcək danışıqlar İranın uran zənginləşdirmə proqramının yoxlanılması və daha sonra nüvə silahının yaradılması ehtimalının araşdırılması üzərində qurulacaq.
Bu müzakirələr raket texnologiyaları və bomba üçün buraxılış qurğularını da əhatə edəcək:
“Biz buradayıq ki, bu vəziyyəti diplomatik yolla və dialoq vasitəsilə həll etmək mümkün olub-olmadığını müəyyənləşdirək. İlk görüş müsbət, konstruktiv və inandırıcı oldu”.
Uitkoff, həmçinin, İrana qarşı mümkün sazişin icrasına kimin nəzarət edəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. Qeyd edək ki, bu məsələ BMT yox, ABŞ müfəttişlərinin nəzarəti ilə bağlı sual çərçivəsində gündəmə gəlmişdi.
Qiymət Mahir
tag: İran,ABŞ,Stif Uitkoff,Nüvə,todaypress.az,