Afrika Somali üçün beynəlxalq dəstək istədi

Dünya

26.03.2025 13:55

2890

Afrika İttifaqı Komissiyasının yeni seçilmiş sədri Mahmud Əli Yusif beynəlxalq ictimaiyyəti Somalidə sabitlik və təhlükəsizliyin qorunması üçün daha fəal maliyyə dəstəyinə çağırıb. 

TodayPress xəbər verir ki, bu çağırış onun sədrlik müddətində Somaliyə etdiyi ilk səfər çərçivəsində səsləndirilib.

Yusif paytaxt Moqadişoda keçirdiyi görüşlər zamanı Afrika İttifaqının dəstək və sabitləşdirmə missiyası üçün ciddi maliyyə çatışmazlığının olduğunu vurğulayıb və beynəlxalq tərəfdaşların yenidən öhdəlik götürməsinə çağırıb.

Somali Prezidenti Həsən Şeyx Mahmudla birgə mətbuat konfransında Yusif qeyd edib ki, Afrika İttifaqının sülh missiyası keçid mərhələsindədir: “Bu çətinlikləri dəf etmək mümkündür. Amma bunun üçün beynəlxalq birliyin öhdəliyinə, fəal iştirakına və dəstəyinə ehtiyacımız var”.

O, həmçinin Qırmızı dənizin bir hissəsi olan Aden körfəzi, Qvardafui boğazı və Somali dənizində dəniz quldurluğunun qarşısının alınmasında beynəlxalq dəstəyin həlledici rol oynadığını vurğulayıb.

Qiymət Mahir

tag: Afrika,Somali,Dəstək,Tələb,Todaypress.az,