Ağ Evdəki gizli yazışmalar Aİ və Britaniyada narazılıq yaradır

Dünya

26.03.2025 15:22

2285

Ağ Evdəki gizli yazışmaların ictimaiyyətə sızması Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada ciddi narazılığa səbəb olub. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzeti diplomatik mənbələrə istinadla yazıb.

Nəşrin məlumatına görə, Avropa diplomatları yazışmalarda ABŞ rəsmilərinin Avropa ilə bağlı dediklərini “ayıldıcı və utandırıcı” kimi dəyərləndirib. 

“Onların Avropa haqqında, heç kim eşitmir deyə, necə danışdıqları adamı ayıldır” deyə adının açıqlanmasını istəməyən bir Aİ diplomatı bildirib.

Digər avropalı diplomat yazışmaların ABŞ ilə olan strateji etimada zərbə vurduğunu bildirib: 

“Etimad yoxdursa, ittifaq da ola bilməz.” Böyük Britaniyadan olan bir rəsmi isə sözügedən yazışmaları “dəhşətlə” oxuduqlarını və ABŞ rəsmilərinin “ağlasığmaz ifadələrinin” London üçün şok təsiri yaratdığını bildirib.

Məlumata görə, Yəməndəki hücum ehtimalı ilə bağlı olan yazışmada ABŞ vitse-prezidenti Ceyms Devid Vens Avropanı “yenidən xilas etməyə” qəti şəkildə qarşı çıxıb.

Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts isə ABŞ-nin hücumla bağlı xərclərini “avropalıların üzərinə yükləməyi” təklif edib.

Müdafiə naziri Pit Heqset isə Avropanın mövqeyini “zəif və acınacaqlı” adlandıraraq, “avropalı sərbəstçilərə qarşı ikrah hissini” bölüşdüyünü bildirib.

Xatırladaq ki, daha əvvəl “The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberq bu yazışmaların yer aldığı gizli “Signal” çatına səhvən əlavə olunduğunu və bunun sayəsində məxfi danışıqlar barədə məlumat əldə etdiyini açıqlamışdı.

Qiymət Mahir

tag: ABŞ,Ağ ev,Britaniya,Avropa İttifaqı,Todaypress.az,