Aİ ABŞ-dən uzaqlaşıb Rusiyaya yaxınlaşır
ABŞ ilə ticarət münasibətlərinin gərginləşməsi fonunda Avropa İttifaqı (Aİ) ölkələri, xüsusilə Fransa və Almaniya, Rusiya qazının qismən idxalına qayıtmaq ehtimalını nəzərdən keçirirlər.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi ekspertlərə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, Aİ-də Vaşinqtonun sıxılmış təbii qaz (LNG) ixracını ticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə edə biləcəyindən narahatlıq var.
Fransanın “Engie” enerji şirkətinin icraçı vitse-prezidenti Didye Ollonun sözlərinə görə, əgər Ukraynada sağlam sülh bərqərar olsa, illik 60, bəlkə də 70 milyard kubmetrlik təbii qaz axınlarına qayıtmaq mümkün olacaq.
Ollonun fikrincə, bu həcmdə qaz Rusiya tərəfindən təmin edilə bilər və bu da Aİ-nin enerji tələbatının 20-25%-ni ödəyər. Ukrayna müharibəsindən öncə bu göstərici təxminən 40% təşkil edib.
Fransanın "TotalEnergies" şirkətinin rəhbəri Patrik Puyanney isə "Reuters"ə verdiyi açıqlamada Avropa ölkələrini ABŞ-dən olan LNG-dən həddindən artıq asılılıqdan çəkindirməyə çağırıb.
Onun fikrincə, Aİ enerji mənbələrini şaxələndirməlidir və yalnız bir və ya iki marşruta bel bağlamamalıdır.
Qeyd edək ki, "TotalEnergies" həm ABŞ-də LNG aktivlərinə sahibdir, həm də Rusiyanın “Novatek” şirkətindən LNG alır.
Almaniyanın böyük kimya sənayesi parkı olan "Leuna Chemical Park"ın rəhbəri Kristof Günter isə bildirib ki, müəssisələr ağır böhran yaşayır və Rusiyadan LNG-nin qayıtmasını gözləyə bilməzlər.
“Bizə Rusiya qazı lazımdır, bizə ucuz enerji lazımdır – haradan gəldiyinin fərqi yoxdur. Bizə ‘Şimal Axını-2’ lazımdır” deyə o əlavə edib.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Rusiya,ABŞ,Əlaqələr,Todaypress.az,