Aİ-də avtomobil satışları azaldı
Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışları fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azalıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Bildirilib ki, fevral ayında Aİ ölkələrində 853,67 min yeni minik avtomobili qeydiyyata alınıb.
Ötən ilin fevralında isə bu rəqəm 883,838 min olub. Əsas bazarlar arasında Almaniyada satışlar 6,4%, İtaliyada 6,2%, Fransada isə 0,7% azalıb. İspaniyada isə əksinə, avtomobil satışı 11% yüksəlib.
Avropanın bütövlükdə (Aİ ilə yanaşı, İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya daxil olmaqla) yeni avtomobil satışları 3,1% azalaraq 963,54 minə düşüb. Böyük Britaniyada satışlar 1% aşağı düşüb.
Aİ-də elektromobil bazarı isə artmaqda davam edir. Belə ki, fevralda elektrik avtomobillərinin satışı 23,7% yüksələrək 131,275 min ədədə çatıb. Avtomobil istehsalçılarına gəldikdə, “Volkswagen” qrupu (“Skoda”, “Audi”, “Seat”, “Porsche” və digərləri daxil olmaqla) satışlarını 4,9% artırıb. “Stellantis” şirkətinin satışları isə 16,4% azalıb. “Renault” satışlarını 11,3% artırıb.
Almaniyanın lüks avtomobil istehsalçısı “Bayerische Motoren Werke AG” (BMW) satışlarını 5,7% artırsa da, əsas rəqibi “Mercedes-Benz” 6,1%-lik azalma ilə qarşılaşıb. Yaponiyanın “Toyota Group” şirkətinin satışları 5,5%, Cənubi Koreyanın “Hyundai Group” şirkətinin isə 9,4% aşağı düşüb. ABŞ-nin elektromobil istehsalçısı “Tesla Inc.” Avropa İttifaqında satışlarını kəskin şəkildə – 47,1% azaldıb və cəmi 11,743 avtomobil satıb. Yanvar-fevral aylarında Aİ-də avtomobil satışları ümumilikdə 3% azalaraq 1,686 milyon ədədə düşüb.
Elektromobillərin bazar payı isə ötənilki 11,5%-dən 15,2%-ə yüksəlib.
Qiymət Mahir
tag: Avropa,Avtomobil,Satış,Azalma,Todaypress.az,