Aİ-dən Trampa xəbərdarlıq: Google və Meta sanksiya hədəfində
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampla aparılan danışıqlar nəticə verməzsə, Amerika texnologiya nəhənglərinə qarşı ən sərt ticarət tədbirlərini tətbiq etməyə hazırdır.
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp tərəfindən gömrük rüsumlarının tətbiqinə 90 günlük fasilə verilməsi Aİ üçün balanslı ticarət sazişi əldə etmək baxımından son şansdır.
Əvvəlcə Avropa məhsullarına 20%-lik rüsum nəzərdə tutulsa da, çərşənbə günü bütün ölkələrə tətbiq edilən 10%-lik tarif qüvvəyə minib.
Fon der Lyayen qeyd edib ki, danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Avropa İttifaqı cavab tədbirlərini ciddi şəkildə genişləndirəcək və ABŞ-nin xidmət sektoruna, xüsusilə ticarət profisiti olan sahələrə güclü zərbə endirəcək:
“Misal üçün, rəqəmsal xidmətlərdə reklam gəlirlərinə vergi tətbiq edilə bilər” deyə o bildirib. Bu addım Google və Meta (Facebook və Instagram-ın ana şirkəti) kimi texnoloji nəhəngləri birbaşa hədəfə ala bilər. Sözügedən vergi Aİ məkanında vahid şəkildə tətbiq ediləcək. Bu, daha əvvəl bəzi üzv ölkələr tərəfindən ayrıca tətbiq edilən rəqəmsal satış vergilərindən fərqli olacaq. Tramp həmin vergiləri həm ilk prezidentlik dönəmində, həm də indi tənqid etmişdi. Aİ Komissiya rəhbəri Trampın başlatdığı ticarət müharibəsini “ABŞ ilə münasibətlərdə dönüş nöqtəsi” adlandırıb:
“Biz artıq heç vaxt əvvəlki vəziyyətə qayıtmayacağıq. Hazırda yaşadığımız qeyri-müəyyənliyin və xaosun dəyəri çox böyük olacaq”.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Tramp,Meta,Google,Todaypress.az,