Aİ liderləri Si Cinpinlə sammitə hazırlaşır

Dünya

11.04.2025 16:46

14

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen iyul ayında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşmək üçün Pekinə səfər etməyi planlaşdırırlar. 

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” beş mənbəyə istinadla məlumat yayıb.

2023-cü ilin dekabrında Pekində dörd illik fasilədən sonra ilk canlı Aİ–Çin sammiti keçirilmişdi.

Növbəti sammitin başqa məkanda baş tutacağı gözlənilsə də, nəşr yazır ki, Çin lideri Brüsselə səfər etmək istəmir.

Mənbələrin bildirdiyinə görə, Koşta və Fon der Lyayen Çin rəhbəri ilə görüşmək istəyirlərsə, Pekinə getməyin vacib olduğunu qəbul ediblər. Çin tərəfi hələlik sammitin dəqiq tarixini açıqlamayıb.

Lakin Avropa liderlərinin Çinə səfərə hazır olmaları “Pekinlə qarşılıqlı əlaqələrin bərpasına yönəlik ciddi cəhdlərin” göstəricisi kimi qiymətləndirilir. Bu səylər Aİ və ABŞ arasında artan gərginlik fonunda xüsusilə aktuallaşıb.

Bundan əvvəl Fon der Lyayen Çin Baş naziri Li Tsyanla telefon danışığı aparmışdı.

Nəşr yazır ki, tərəflər Donald Trampın gömrük tarifləri ilə başladığı ticarət müharibəsinin nəticələrini izləmək barədə razılığa gəliblər.

Avropalılar əsasən ucuz Çin mallarının ABŞ əvəzinə Avropa bazarlarına yönələ biləcəyindən və bunun yerli istehsalçılara təzyiqi artıracağından narahatdırlar. 

Qiymət Mahir

tag: Avropa,Liderlər,Si Cinpin,Görüş,Sammit,Todaypress.az,