Aİ namizəd ölkələrə 9 May paradına qatılmamağı tapşırdı

Dünya

14.04.2025 19:12

22

“Avropa İttifaqı Rusiya ilə bağlı siyasi mövqeyini bir daha nümayiş etdirərək, quruma üzv olmağa namizəd ölkələrə 9 May tarixində Moskvada keçiriləcək parad və digər rəsmi tədbirlərdə iştirak etməməyi tövsiyə edib”. 

TodayPress xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Bayba Braje Lüksemburqda keçirilən Aİ Xarici İşlər Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlama verib.

Nazirin sözlərinə görə, qərar aprelin 13-də Avropa İttifaqı ilə Qərbi Balkan ölkələrinin nümayəndələri arasında baş tutan işgüzar şam yeməyi zamanı bildirilib: 

“Dünən Qərbi Balkan ölkələri ilə dəyərli müzakirələr apardıq. Xarici siyasət, təhlükəsizlik və sanksiyalarla bağlı mövqelərin uyğunlaşdırılması əsas mövzulardan idi. Aİ ölkələri namizəd ölkələrə Moskvadakı 9 May paradında iştirak etməməklə bağlı çox aydın göstəriş verdilər. Bu cür tədbirlərə qatılmaq Aİ-nin dəyərlərinə uyğun deyil”.

Bayba Braje həmçinin qeyd edib ki, Ukraynaya dəstək məsələsində maliyyə və hərbi yardımlarla bağlı praktiki müzakirələr planlaşdırılır. O, Rusiyanın aprelin 13-də Sumı şəhərinə təşkil etdiyi raket hücumuna toxunub: 

“Bu dəhşətli hücum bir daha göstərdi ki, Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi lazımdır”.

Qiymət Mahir

tag: Avropa İtitfaqı,Rusiya,9 may,Parad,Todaypress.az,