Aİ-nin 150 milyard avroluq müdafiə təşəbbüsü problemlə üzləşəcək
Avropa İttifaqının (Aİ) müdafiə sahəsinə 150 milyard avroya qədər kredit ayırması üzv ölkələr, xüsusilə Fransa və Almaniya arasındakı fikir ayrılıqları səbəbindən çətinliklərlə üzləşəcək.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Almaniya kansleri Olaf Şolts və bir sıra digər Avropa liderləri bu vəsaitlərin Aİ-yə daxil olmayan, lakin müttəfiq ölkələr – Böyük Britaniya, Norveç, Türkiyə və İsveçrə ilə bağlanacaq müqavilələr üçün istifadə edilməsinin tərəfdarıdır.
Fransa Prezidenti Emmanuel Makron isə vəsaitlərin yalnız Aİ ölkələrinin istehsalçıları üçün əlçatan olmasını istəyir.
Diplomatlar bu fikir ayrılığının Aİ-nin 1,5 milyard avroluq müdafiə sənayesi fondunun yaradılmasını bir ildən çox müddətə gecikdirəcəyini düşünür.
Vurğulanıb ki, maliyyələşdirmə planı cəmi bir həftə əvvəl müzakirəyə çıxarılıb və iki həftə ərzində yekunlaşmalıdır.
Xatırladaq ki, 6 mart tarixində keçirilən Aİ sammitində Avropanın hərbiləşdirilməsi planı təsdiqlənsə də, onun maliyyə mənbələri hələlik müəyyən edilməyib.
Avropa Komissiyasının Aİ ölkələrinə müdafiə məqsədilə 150 milyard avro kredit verilməsi təklifi nəzərə alınıb.
Nicat Osman
tag: Aİ,150 milyard,Avro,Müdafiə,Todaypress.az,