Aİ sualtı infrastrukturun təhlükəsizliyini gücləndirəcək
Avropa Komissiyası Avropa İttifaqının (Aİ) kritik sualtı infrastrukturunun təhlükəsizliyini artırmaq üçün yeni tədbirlər görəcəyini açıqlayıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Henna Virkkunen Helsinkidə çıxışı zamanı bildirib.
O, Avropa Komissiyası və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin birgə bəyanatını təqdim edərkən yeni texnologiyalara investisiya qoyulmasının vacibliyini vurğulayıb.
“Sualtı təhlükəsizliyi gücləndirmək üçün sensorlar, peyklər və pilotsuz uçuş aparatlarından istifadə etməliyik. Aİ eyni zamanda yeni nəsil “ağıllı” sualtı kabellərin yerləşdirilməsini maliyyələşdirir” deyə Virkkunen bildirib.
Bu çərçivədə sualtı kabellərin təhlükəsizlik tələbləri və risk qiymətləndirmələri sərtləşdiriləcək, yeni “ağıllı” kabellərin çəkilməsi prioritetləşdiriləcək və ehtiyat güclərin artırılmasına üstünlük veriləcək. Hər bir dəniz bölgəsində təhlükələrin monitorinqi genişləndiriləcək və kompleks situasiya qiymətləndirilməsi aparılacaq, zədələnmiş kabellərin operativ bərpası üçün təmir imkanları artırılacaq.
2025-ci il ərzində Aİ sualtı kabellərin xəritəsini hazırlayacaq və onların təhlükəsizlik risklərini qiymətləndirəcək. Virkkunen həmçinin Aİ-nin “kölgə donanmasının” (sanksiyalardan yayınan gəmilər) fəaliyyətinə müdaxilə etmək və daha çox gəmini sanksiyalar siyahısına salmaq imkanına sahib olması gərəkliyini bildirib.
Aİ rəsmisi vurğulayıb ki, sualtı infrastrukturun qorunması yalnız son hücumlara məruz qalan üzv dövlətlərin deyil, bütün Aİ-nin ümumi məsuliyyətidir.
Qiymət Mahir
tag: Avropa Komissiyası,Avropa İttifaqı ,Sualtı,İnfrastruktur,Todaypress.az,