AK vətəndaşlara çağırış etdi
Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrindəki bütün ailələrin fövqəladə hallar zamanı 72 saat xarici yardımsız yaşamaq üçün su, dərman, ərzaq və batareya ehtiyatı saxlamalı olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “El Pais” Brüsselin təqdim etməyə hazırlaşdığı yeni strategiya sənədinin layihəsinə istinadla məlumat yayıb.
Sənəddə Avropa İttifaqının silahlı toqquşma, kiberhücumlar, pandemiyalar və iqlim böhranlarının nəticələri kimi genişmiqyaslı böhranlara hazır olmalı olduğu vurğulanıb:
“Biz bir və ya bir neçə üzv dövləti əhatə edə biləcək silahlı aqressiya da daxil olmaqla, müxtəlif miqyaslı hadisələrə və sektorlararası böhranlara hazır olmalıyıq” deyə layihə sənədində qeyd olunub.
Brüssel əlavə edib ki, Aİ istənilən üzv dövlətə dəstək vermək üçün bütün mövcud resursları, o cümlədən hərbi imkanları da səfərbər etməlidir.
Nəşr yazıb ki, Avropa Komissiyası vətəndaşlar və səyahət edən şəxslər üçün risklər və mövcud imkanlar (məsələn, sığınacaqlar) barədə məlumatların təqdim olunacağı rəqəmsal platforma yaratmağı da planlaşdırır.
Bununla yanaşı, enerji, dərman və ərzaq kimi strateji ehtiyatların Aİ səviyyəsində koordinasiyası da nəzərdən keçirilir.
Sənəddə vurğulanıb ki, silahlı qarşıdurma baş verərsə, silahlı qüvvələr dövlət və cəmiyyətin fasiləsiz fəaliyyətini təmin etmək üçün mülki dəstəyə ehtiyac duyacaq. Məlumata görə, martın 26-da təqdim ediləcək yeni strategiya sənədi Aİ-nin 2030-cu ilə qədər bütün təhdidlərə qarşı hazır olması üçün nəzərdə tutulmuş geniş proqram paketinin tərkib hissəsidir.
Qiymət Mahir
tag: Avropa Komissiyası,Vətəndaşlar,Çağırış,Avropa İttifaqı,Todaypress.az,