Alimlər yeni tikinti materialı hazırladı
ABŞ-nin Şimal-Qərb Universitetinin tədqiqatçıları dəniz suyu, elektrik enerjisi və karbon (CO₂) qazından istifadə edərək yeni, ekoloji cəhətdən təmiz tikinti materialı yaradıblar.
TodayPress xəbər verir ki, bu barədə məlumat “Advanced Sustainable Systems” jurnalında dərc olunub.
Bu material beton, sement, suvaq və boya istehsalında istifadə olunmaqla yanaşı, istixana qazı emissiyalarını azaltmağa kömək edə bilər. Materialın istehsalı prosesi dəniz suyundan elektrik cərəyanının keçməsini və eyni zamanda karbon qazının daxil olmasını nəzərdə tutur. Kimyəvi reaksiya nəticəsində dəniz suyunda həll olunan kalsium və maqnezium ionları ilə qarşılıqlı əlaqədə olan bikarbonat ionları əmələ gəlir. Bu da kalsium karbonat və maqnezium hidroksid kimi sərt mineralların əmələ gəlməsi ilə nəticələnir.
Kalsium karbonat birbaşa CO₂-ni bağlayır və maqnezium hidroksid sonrakı reaksiyalarda karbon dioksidi tutur. Bu proses mərcan və mollyuskaların qabıqlarını əmələ gətirmə üsuluna bənzəyir, tək fərqi isə orqanizmlərin metabolik enerjisi əvəzinə elektrik enerjisi istifadə olunur.
Alimlər müəyyən ediblər ki, gərginliyi, cərəyanı, CO₂ qidalanma sürətini və dəniz suyunun sirkulyasiyasını tənzimləməklə, nəticədə yaranan materialın kimyəvi tərkibinə, sıxlığına və məsaməliliyinə nəzarət edə bilirlər. Bu isə müxtəlif xüsusiyyətlərə malik materialların yaradılması üçün imkanlar açır.
“Biz bu materialların kimyəvi tərkibindən tutmuş ölçüsünə və sıxlığına qədər xassələrinə tam nəzarət edə bilərik” deyə aparıcı müəllif Alessandro Rotta Loria bildirib.
Yeni material tikinti materialının həcminin 60-70%-ni təşkil edən qum və çınqıl əvəzinə betonda istifadə oluna bilər. Əgər sement və beton zavodları sahildə yerləşirsə, bu, ekoloji cəhətdən təmiz tikinti materialları yaratmaq üçün dəniz suyunun və karbon qazının birbaşa yerində istifadə edilməsinə imkan verəcək.
Dünya İqtisadi Forumunun məlumatına görə, sement sənayesi dünyada CO₂ emissiyalarının dördüncü ən böyük mənbəyidir və qlobal emissiyaların təxminən 8%-ni təşkil edir. Yeni üsul karbon qazını yenidən tikinti materiallarına qaytarmaqla bu həcmi azaldacaq.
“Biz CO₂-nin birbaşa istehsal nöqtəsində tutulduğu və tikinti materiallarına çevrildiyi qapalı bir dövrə yarada bilərik” deyə Rotta Loria vurğulayıb.
Aysel Mətləb
tag: Enerji,Material,Tədqiqat,Alim,todaypress.az,