Alman alimlərindən araşdırma: Smartfondan imtina beyin aktivliyini dəyişdirir

Dünya

06.03.2025 12:00

1997

Almaniyanın Heydelberq Universitetinin və digər elmi institutların alimləri müəyyən ediblər ki, smartfondan qısa müddətlik imtina belə beynin fəaliyyətinə ciddi təsir göstərir. Aparılan araşdırmaya görə, dopamin və serotonin səviyyələri dəyişir, bu isə insanın əhval-ruhiyyəsinə və asılılıq mexanizmlərinə təsir edə bilir.

TodayPress xəbər verir ki, tədqiqat “Computers in Human Behavior” (CHB) elmi jurnalında dərc olunub.

Alimlər 18-30 yaş arasında olan 25 gənci təcrübəyə cəlb ediblər.

Onlar əvvəlcə psixoloji testlərdən keçib və smartfondan istifadə vərdişlərini qiymətləndirən sorğuları cavablandırıblar. Daha sonra iştirakçılara 72 saat ərzində smartfondan yalnız iş, gündəlik tapşırıqlar və yaxınları ilə ünsiyyət üçün istifadə etməyə icazə verilib.

Eksperimentdən öncə və sonra könüllülər funksional MRT beyin skanından keçiblər. Bu zaman onlara neytral mənzərələr, eləcə də açıq və bağlı smartfonların təsvirləri göstərilib. Nəticələr göstərib ki, smartfondan istifadə məhdudlaşdırıldıqda beynin mükafat və istək hissi ilə bağlı olan bölgələrində aktivlik dəyişir.

Maraqlıdır ki, bu dəyişikliklər narkotik və ya spirtli içkilərdən imtina zamanı müşahidə olunan reaksiyalara bənzəyir. Araşdırma həm smartfon asılılığı olan, həm də mülayim istifadəçilərin beynində oxşar reaksiyaların baş verdiyini ortaya qoyub.

Bu isə hətta gündəlik normal istifadə belə beyində dəyişikliklərə səbəb ola bilər fikrini gücləndirir.

Tədqiqatçılar smartfondan istifadəni məhdudlaşdırmağı, cihazları yalnız zəruri hallarda işlətməyi, mütəmadi fasilələr verməyi və oflayn fəaliyyətlərə daha çox vaxt ayırmağı tövsiyə edirlər.

Qiymət Mahir

tag: Smartfon,Televizor,İstifadə,Xəstəlik,todaypress.az,