Almaniya istehsalı olan raket buraxıldıqdan az sonra partladı

Dünya

30.03.2025 16:50

2499

Alman startapı “Isar Aerospace” tərəfindən hazırlanan və Norveçin Andoya kosmodromundan buraxılan “Spectrum” raketi martın 30-u havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb və partlayıb. 

TodayPress xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb.

Raket yerli vaxtla saat 12:30-da buraxılıb. Təxminən 20 saniyə sonra o, meyillənməyə başlayıb və idarədən çıxaraq yenidən yerə düşüb. Təxminən 30 metr hündürlüyündə və 50 ton ağırlığında olan raketin Andoya adasındakı Nordmela buraxılış meydançası yaxınlığında partladığı bildirilib. Partlayış zamanı canlı yayımda güclü səs eşidilib və görüntülərdə raketin yerə çırpılması aydın şəkildə görünür.

Heç kim xəsarət almayıb. Kosmodromun operatoru “Andoya Space” məlumat verib ki, hadisə ilə bağlı böhran qrupu aktivləşdirilib və fövqəladə xidmətlərlə yanaşı “Isar Aerospace” ilə də sıx əməkdaşlıq aparılır. 

“Əməliyyatlar zamanı təhlükəsizlik Andoya kosmodromunun əsas prioritetidir” deyə şirkətin bəyanatında vurğulanıb.

Partlayışın dəqiq səbəbi hələlik müəyyən edilməyib. İstintaq davam edir.

Qeyd edək ki, bu buraxılış daha əvvəl pis hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salınmışdı.

Qiymət Mahir

tag: Almaniya,Raket,Kosmodrom,Dünya,todaypress.az,