Almaniya parlamenti fəaliyyətə başladı: Şolts istefa ərizəsini təqdim etdi
Almaniya Bundestaqının yeni çağırış deputatları martın 25-də ilk iclas üçün toplaşıblar.
TodayPress xəbər verir ki, açılış nitqini Bundestaqın ən yaşlı və ən təcrübəli deputatı, “Solçular” partiyasının üzvü Qreqor Gizi səsləndirib.
O, parlamentin uzun illər üzvü olan və böyük siyasi təcrübəyə malik şəxs kimi çıxışında bir sıra təkliflər irəli sürüb. Gizi xüsusilə vurğulayıb ki, Bundestaqda mübahisəli və çətin məsələlərin müzakirəsi üçün ixtisaslaşmış komitələr yaradılmalıdır.
Onun fikrincə, ədalətli vergi yükünün bölüşdürülməsi, səhiyyə sisteminin maliyyələşdirilməsi və bürokratiyanın azaldılması kimi mövzular bu komitələrin gündəmində olmalıdır.
Eyni zamanda, Gizi Almaniya prezidenti Frank-Valter Ştaynmayerə müraciət edərək demokratiyanın müdafiəsinə həsr olunmuş xüsusi komitənin çağırılmasını da təklif edib. Bundan bir qədər sonra Bundestaqın yeni sədri məlum olub.
Xristian Demokrat İttifaqından olan deputat Yuliya Klökner Bundestaqın əvvəlki sədri Barbel Basın yerinə seçilib. Günün ikinci yarısında isə vəzifədən gedən kansler Olaf Şolts və onun nazirləri federal prezident tərəfindən rəsmi şəkildə istefa sənədlərini alıblar.
Lakin yeni kanslerin təyin olunmasına qədər Şolts hökumət başçısı vəzifəsini icra etməyə davam edəcək.
Qiymət Mahir
tag: Almaniya,Şolts,Hökümət,İstefa,Todaypress.az,