Almaniya prezidenti Trampın Qəzza planını pislədi

Dünya

06.02.2025 12:37

1813

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ABŞ prezidenti Donald Trampın Qəzza zolağındakı fələstinlilərin ərəb ölkələrinə daimi köçürülməsi ideyasına qarşı çıxıb və bunu qəbuledilməz adlandırıb. 

TodayPress xəbər verir ki, o, bu barədə Ankarada açıqlama verib.

“Beynəlxalq hüququ görməzdən gələn və ya onu pozan həll yolu qəbuledilməzdir” deyə Ştaynmayer bildirib.

Almaniya prezidenti hesab edir ki, ərəb dövlətləri ilə ABŞ-nin yeni administrasiyası arasında bu məsələdə planlaşdırılan danışıqlar uğurlu olmayacaq. Eyni zamanda, o vurğulayıb ki, münaqişənin həlli yalnız İsrailin təhlükəsizliyi və fələstinlilərin öz müqəddəratını təyin etmə haqqı təmin olunarsa mümkündür: 

“Bu, çətin və bəlkə də daha uzun yoldur. Lakin qorxuram ki, yolu süni şəkildə qısaltmaq, xüsusilə də beynəlxalq hüququ və onun qaydalarını nəzərə almamaq hədəfə çatmağa kömək etməyəcək” deyə Ştaynmayer qeyd edib. 

Xatırladaq ki, fevralın 4-də Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi danışıqlardan sonra birgə mətbuat konfransında ABŞ-nin Qəzza zolağını uzunmüddətli nəzarətə götürmək variantını nəzərdən keçirdiyini bildirib.

O, bunun Yaxın Şərqdə sülhün inkişafına xidmət edəcəyini iddia edib. Tramp həmçinin fələstinlilərin bölgədən çıxarılaraq digər ərəb ölkələrinə yerləşdirilməsini dəstəklədiyini və ölkələrin bunun üçün ödəniş edə biləcəyini vurğulayıb. ABŞ prezidenti lazım bildiyi halda Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduqlarını da qeyd edib. 

Qiymət Mahir

tag: Yaxın Şərq,Tramp,ABŞ,Qəzza,Todaypress.az,