Almaniya Ukraynaya süni intellektli kamikadze dron göndərəcək
Almaniyanın “Helsing” müdafiə şirkəti 2025-ci ildə Ukraynaya süni intellektlə təchiz edilmiş 6 min kamikadze dron tədarük edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Söhbət uçuş məsafəsi 100 km-ə çatan “HX-2” modelindən gedir. Bu pilotsuz uçuş aparatları (PUA) saatda 220 km sürət yığa bilir və tanklar, eləcə də tikililər əleyhinə döyüş sursatları ilə təchiz oluna bilər.
Nəşrin məlumatına görə, dronlardakı süni intellekt radioelektron mübarizə sistemlərindən yayınmağa və əlverişsiz hava şəraitində işləməyə imkan verir. Bundan əlavə, “HX-2” son hücum mərhələsini operatorun müdaxiləsi olmadan müstəqil şəkildə həyata keçirə bilir.
2024-cü ildə “Helsing” artıq Kiyevə 4 min dron göndərib. Yeni partiyanın dəyəri bir neçə yüz milyon avro məbləğində qiymətləndirilir və məbləğin Almaniya kansleri Olaf Şoltsun hələlik blokladığı 3 milyard avroluq yardım paketindən maliyyələşdirilməsi nəzərdə tutulur. Bununla belə, şirkət rəhbərliyi gələcək Almaniya hökumətinin bu vəsaitləri ayıracağına əmindir.
Dron istehsalını artırmaq üçün “Helsing” Almaniyanın cənubunda yeni bir zavod açıb, lakin onun dəqiq yeri məxfi saxlanılır. Yeni müəssisə hər ay 1 min PUA istehsal edəcək.
Qiymət Mahir
tag: Almaniya,“Helsing” ,Ukrayna,“HX-2”,todaypress.az,