"Apple" istehsalını ABŞ-yə köçürmək üçün 30 milyard dollar xərcləyəcək

Dünya

10.04.2025 14:33

15

"Apple" "iPhone" istehsalının 10%-ni Asiyadan ABŞ-yə köçürmək üçün üç il müddətinə 30 milyard dollar xərcləməli olacaq. 

TodayPress "Financial Times"a istinadən xəbər verir ki, "Morgan Stanley" bankının analitiki Erik Vudrinqin sözlərinə görə, "Apple" illərdir Çində və Cənub-Şərqi Asiyada istehsal bazasını gücləndirsə də, indi şirkət "iPhone"nun istehsalı və qiymət siyasətinə dair strategiyasını köklü şəkildə dəyişməyə məcbur qala bilər. 

"TechInsights" araşdırma qrupunun məlumatına əsasən, yeni "iPhone" 16 modelinin yığılmasında ümumilikdə 387 müxtəlif komponent – çiplər, dövrə lövhələri, batareyalar, naqillər, ekranlar, linzalar və digər metal və plastik hissələr istifadə olunur.

"Apple"nin 2023-cü maliyyə ili üçün açıqladığı təchizatçılar siyahısına görə, birbaşa xərclərinin 98%-i cəmi 187 şirkətin payına düşüb və onların 169-u Çin və Tayvanda yerləşir. 

"Bank of America"nın nümayəndəsi isə qeyd edib ki, "iPhone"nun ABŞ-də istehsalı texniki cəhətdən mümkün olsa da, bu komponentlərə gömrük rüsumlarının tətbiq edilib-edilməyəcəyi məlum deyil: 

“Əgər rüsum tətbiq olunarsa, bu, istehsal prosesinə ciddi təsir göstərə bilər” deyə o vurğulayıb. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumları tətbiq ediləcəyini bəyan etmişdi.

Çin mallarına isə 34%-lik rüsum artıq qüvvəyə minib.

Çin də ABŞ məhsullarına əlavə 34%-lik rüsum tətbiq edəcəyini bildirib.

Daha sonra tərəflər arasında rüsumlar qarşılıqlı şəkildə artırılaraq 125%-ə qədər yüksəldilib. 

Tramp öz sosial media hesabında yazıb ki, hazırda ABŞ şirkətlərinin istehsalı ölkəyə qaytarmaları üçün “ən doğru zamandır.

tag: ABŞ,Apple,Çin,Xərc,Todaypress.az,