Argentina nasistlərlə bağlı gizli arxivləri açacaq

Dünya

25.03.2025 13:56

2894

Argentinanın prezidenti Xavyer Mileyin rəhbərlik etdiyi hökumət İkinci Dünya müharibəsindən sonra ölkədə gizlənən nasistlərlə bağlı gizli sənədləri açmaq barədə qərar qəbul edib. 

TodayPress xəbər verir ki, bunu Argentinanın Nazirlər Kabinetinin rəhbəri Gilyermo Frankos açıqlayıb.

Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsinə ABŞ senatoru Stiv Deynsin müraciəti səbəb olub.

Senator bir müddət əvvəl Argentinada prezident Mileylə görüş zamanı bu məsələyə toxunmuşdu. Nazirlər Kabinetinin rəhbəri bildirib ki, hakimiyyət ölkənin keçmişi ilə bağlı bütün həqiqətləri ictimaiyyətə təqdim etmək niyyətindədir.

O, 2010-cu ildə sənədlərin açılması barədə fərman imzalanmasına baxmayaraq, qərarın tam şəkildə icra olunmadığını xatırladıb. Mileyin fikrincə, həmin sənədlər Argentinanın tarixinin mühüm bir hissəsidir və onlar artıq yalnız siyasi dairələrə məlum olan sirr kimi qalmamalıdır.

O vurğulayıb ki, arxivlər siyasi məqsədlərlə sui-istifadə olunmadan hamıya açıq olacaq. Eyni zamanda, Argentina hakimiyyəti 1974-cü ildə Xalq İnqilabi Ordusunun kapitan Umberto Violanın ailəsinə qarşı həyata keçirdiyi hücumu insanlığa qarşı cinayət kimi tanımaq niyyətindədir.

Həmin hücum zamanı kapitan Viola və onun 3 yaşlı qızı Mariya Kristina öldürülmüşdü. Ailə uzun müddət hadisənin araşdırılmasını tələb etsə də, hüquqi məhdudiyyətlər səbəbindən bu mümkün olmamışdı.

İndi hökumət belə cinayətlər üçün zaman məhdudiyyətini aradan qaldıran qanun layihəsini Konqresə təqdim edəcək. Mileyi də bu təşəbbüsü dəstəkləyərək, ədalətin təmin olunması üçün həqiqətin vacib olduğunu bildirib.

Frankos sonda əlavə edib ki, məxfilikdən çıxarılacaq sənədlər keçmişlə bağlı yaddaşın qorunmasına xidmət edəcək və siyasi manipulyasiya vasitəsi olmayacaq.

O bildirib ki, bu addım Argentina üçün yenilik olsa da, dünyada oxşar təcrübələr mövcuddur.

Qeyd edək ki, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nasist Almaniyasının SSRİ-yə qarşı atom bombasından istifadə etməklə bağlı planlarını açıqlamışdı.

Həmin planın 1945-ci ilin iyununda həyata keçirilməsi nəzərdə tutulurdu. 

Qiymət Mahir

tag: Argentina,Nasistlər,Gizli,Arxiv,Todaypress.az,