Argentinada fırtına nəticəsində ölənlərin sayı artdı
Argentinanın Buenos-Ayres əyalətinin cənubunda, Bahia Blanka liman şəhərində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, mindən çox insan təxliyə edilib.
TodayPress xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Şəhərin meri Federiko Susbelles bildirib ki, şəhəri və ətraf qəsəbələri vuran meteoroloji fenomenin böyüklüyünə görə ölənlərin sayı daha da çox ola bilər.
Ərazidəki bütün yerlərin fəaliyyəti dayandırılıb, sakinlərdən evdə qalmaları istənilib. Bahia Blanka bələdiyyəsindən verilən məlumata görə, indiyədək ən azı 1450 nəfər təxliyə edilib, daha 100 nəfər isə itkin düşüb.
Argentina hökuməti müdafiə və təhlükəsizlik nazirlikləri, eləcə də Buenos-Ayres əyalətinin hökumətinin iştirakı ilə yardım və evakuasiya əməliyyatı təşkil edib.
Eksperlər qeyd edir ki, martın 7-də baş verən leysan yağışları rəsmi məlumatlara görə, 1933-cü ilin martında müəyyən edilmiş yağış rekordunu qıraraq, şəhər tarixindəki ən şiddətli təbiət hadisəsi olub.
Töhfə Səməd
tag: Argentina,Fırtına,Qasırğa,Ölüm,İtki,Todaypress.az,