Arxeoloqlar arasında həyəcan: Araşat dağında aparılan araşdırmalar yeni kəşflərə yol açır
Türkiyənin şərqində keçirilən 7-ci Beynəlxalq Araşat Dağı və Nuhun Gəmisi Simpoziumunda maraqlı kəşflər edilib.
TodayPress “The Jerusalem Post”a istinadən xəbər verir ki, arxeoloji araşdırmalar nəticəsində bölgədə 3500-5000 il əvvələ aid dəniz çöküntüləri və molyusk qalıqları aşkarlanıb.
2021-ci ildən bəri İstanbul Texniki Universiteti, Ağrı İbrahim Seçən Universiteti və ABŞ-dəkı Endryus Universitetinin alimlərindən ibarət qrup Araşat dağının cənubunda yerləşən Durupınar geoloji formasiyasını araşdırır.
Durupınar uzun illərdir ki, tədqiqatçıların diqqət mərkəzindədir, çünki onun uzunluğu təxminən 150 metrdir və bu ölçü İncilin Nuhun Gəmisi üçün verdiyi təsvirlə uyğunluq təşkil edir. Alimlər bölgədən 30-a yaxın torpaq və süxur nümunəsi götürərək analiz üçün İstanbul Texniki Universitetinə göndəriblər. Araşdırmalar bu nümunələrdə gilə bənzər materiallar, dəniz çöküntüləri və molyusk qalıqları aşkar edib.
Materialların yaşı 3500-5000 il arasında qiymətləndirilir ki, bu da İncil və digər dini mətnlərdə təsvir olunan Böyük Tufan dövrü ilə üst-üstə düşür. Alimlər bu bölgənin bir zamanlar su altında qaldığını və burada böyük bir daşqının baş verdiyini ehtimal edirlər. Bu isə fərqli dinlərin müqəddəs mətnlərində təsvir olunan qlobal tufan anlayışı ilə uzlaşır. Araşat dağı (5,137 m) İncilin Yaradılış ayəsində Nuhun Gəmisinin dayandığı yer kimi qeyd olunur. Min illərdir həm arxeoloqlar, həm də dindarlar üçün maraq və ziyarət mərkəzi olan dağ, eyni zamanda sönmüş vulkandır və daim qarla örtülüdür.
Durupınar formasiyası ilk dəfə 1948-ci ildə kürd fermer tərəfindən aşkar edilib, 1951-ci ildə isə Türkiyə ordusunun kapitanı İlxan Durupınar NATO-nun xəritəçəkmə missiyası zamanı onu dünya ictimaiyyətinə tanıdıb. Bununla belə, beynəlxalq ekspedisiyalar və illərdir aparılan araşdırmalara baxmayaraq, hələ də bu obyektin Nuhun Gəmisi olub-olmaması ilə bağlı elmi konsensus əldə olunmayıb.
Son tapıntılar bölgədə daha geniş arxeoloji qazıntıların aparılmasını gündəmə gətirib və bu, gələcəkdə daha çox maraqlı faktların üzə çıxacağına işarə edir.
Qiymət Mahir
tag: Arxeoloqlar,Türkiyə,Simpozium,Araşat dağı,Araşdırma,Tədqiqat,Todaypress.az,