Avropa ABŞ-yə qarşı birləşdi: Ağ Ev meydanda tək qaldı - ARAŞDIRMA

Dünya

29.03.2025 16:07

2914

Avropa Komissiyası (AK) qitənin müdafiəsi üçün dördillik silahlanma büdcəsi olaraq 800 milyard avro təyin edib.   

TodayPress xəbər verir ki, "Haber Global"ın köşə yazarı Emre Öztürk bu barədə araşdırma aparıb.   

Bildirilib ki, bu il üçün büdcənin ilk paketinin dəyəri 150 milyard avrodur. Hazırda AK-nin böyük qitə müdafiəsi strategiyası formalaşmağa davam edir, komissiyalarda detallı müzakirələr aparılır. 

Digər tərəfdən Avropa İttifaqına (Aİ) yaxın nəşr orqanları pərdə arxasındakı müzakirələri yayımlamağa başlayıblar. Belə ki, Almaniyanın silahlanma cəhdləri bir sıra qüvvələr tərəfindən narahatlığa səbəb olub. Son məlumatlara görə, müdafiə büdcəsində böyük artım edən Almaniya silah şirkətləri Avropadakı müdafiə sənayesini qorxutmağa başlayıb. Bununla yanaşı, NATO-da mərkəz qüvvə kimi ABŞ-nin yerinə Aİ-nin keçməsi ilə bağlı bir sıra şayiələr yayılıb. Bunun fonunda, Ağ Evdən asılı olmayan müdafiə konsepti üçün 300 min əlavə hərbi heyətin hazırlanması da qərara alınıb.

Almaniya qorxu saçır: 

"The Parliament" nəşri, Almaniyanın Avropanın yenidən silahlanmasında qabaqcıl gücə sahib olduğuna diqqət çəkib. Nəşrin yaydığı məlumatlara görə, büdcə ilə bağlı əvvəlki müzakirələrdə Almaniya parlamentariləri ölkənin Konstitusiyasında dəyişiklik edilməsi məsələsinə diqqət çəkiblər. Ekspertlər 500 milyard avroya yaxın büdcənin müdafiə və əlaqəli sahələr üçün açıqlanacağı zəmanətini veriblər. Sözügedən Konstitusiya dəyişikliyi isə son günlərdə Almaniya Parlamentində nəzərdən keçirilməyə başlanılıb. İlkin müzakirələrdə Almaniyadakı radikal müdafiə büdcəsi artımı səbəbilə Almaniya silah şirkətlərinin bazarda monopoliya yaratma riski barədə yaranan narazılığın hələ də davam etdiyi vurğulanıb.

ABŞ əvəzinə Aİ: 

Pərdəarxası məlumatlara görə, Almaniya da daxil olmaqla, Aİ-nin böyük iqtisadi qüvvələri NATO daxilində ABŞ-nin əsas gücünün Aİ ilə əvəzlənməsi məsələsinə razı olduqlarını açıqlayıblar. AK və Avropa Parlamentinin (AP) yüksək vəzifəli bürokratları Brüsseldəki parlamentarilərə şərt qoyublar ki, Almaniya və Fransa tam formada tərəfdaş olmalıdırlar. Əks təqdirdə Avropa öz gücünü nümayiş etdirə bilməyəcək. 

Əlavə 300 minlik ordu   

"EU Observer" nəşri isə büdcə razılaşdırılmasından əvvəl baş tutan müzakirələrdə Avropanın ölkələr üzrə deyil, Aİ mərkəzli tək bir silah və müdafiə bazarında qərar veriləcəyini vurğulayıb. Büdcə layihəsində yer almayan, lakin prinsip olaraq müəyyən edilmiş hədəflər isə aşağıdakılardır: Aİ ittifaq olaraq müdafiə xərclərində ilk beşlikdə (ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı) yer almalıdır. İngiltərə də daxil olmaqla, Avropa ölkələrinin mövcud hərbi heyət sayı (1.5 milyon) artırılmalı və ordular təcili hallara cavab verə biləcək birgə inteqrasiya olunmuş komanda sisteminə keçirilməlidir. ABŞ-dən asılı olmayan müdafiə qüvvəsi üçün ən azı 300 min yaxşı təlim keçmiş əlavə hərbi heyət ilin sonuna qədər Avropaya cəlb edilməlidir. Qeyd edək ki, 300 min əlavə hərbi heyətin hazırlanması məsələsində ümumi razılıq artıq əldə edilib.   

Nüvə qarşıdurması   

İlkin müzakirələrdə alınan qərarlara əsasən, Avropanın müdafiə sektorundakı illik istehsal dəyəri 84 milyard avrodan 185 milyard avroya yüksəldiləcək. Aİ üzvü ölkələrin 2025-ci ilə qədər hava müdafiə sistemlərinə əlavə olaraq, hava üstünlüyü təmin edən vasitələrə, xüsusən döyüş təyyarələri istehsalına daha çox diqqət ayırması planlaşdırılır. Avropada nüvə qarşısının alınması imkanları da müzakirə mövzusu olub. İngiltərə də daxil olmaqla Avropa ölkələrinin 515 nüvə başlığı mövcuddur. Bundan əlavə, Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədə ABŞ-nin nüvə başlıqları yerləşdirilib. Lakin qitədəki nüvə qarşısının alınması imkanlarının kifayət etmədiyi vurğulanır.

Birgə məşqlər başladı: 

Bundan əlavə, NATO-nun Avropalı üzvlərinin hərbi heyət və avadanlıq sayını 130% artırması da qərara alınıb. Bu çərçivədə Almaniya və Niderland yerüstü və dəniz qüvvələrini inteqrasiya etməyə başlayıb. 

Töhfə Səməd

tag: ABŞ,Avropa İttifaqı,Rusiya,Ukrayna,Münaqişə,Todaypress.az,