Avropa İttifaqı iqlim hədəflərindən geri çəkilir
Avropa İttifaqının İqlim üzrə Komissarı Vopke Hoekstra Avropanın iqlim ambisiyalarına qarşı artan etirazları yumşaltmaq məqsədilə blokun 2040-cı il iqlim hədəfinin yüngülləşdirilməsi ilə bağlı variantları nəzərdən keçirir.
TodayPress xəbər verir ki, bu barədə “Politico” Komissiya rəsmisi və müzakirələr barədə məlumatlı iki şəxsə istinadən məlumat yayıb.
Aİ-nin icraçı orqanı olan Avropa Komissiyasının qarşıdakı həftələrdə 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 faiz azaltmaqla bağlı əvvəlcədən elan edilmiş hədəfi qəbul etmək üçün qanunvericilik təklifi irəli sürəcəyi gözlənilir.
Lakin ağır sənaye və kənd təsərrüfatı üçün bu səylərin maliyyə yükü ilə bağlı siyasi narahatlıqları azaltmaq məqsədilə Hoekstra həmin hədəfə çatmaq üçün güzəştlər nəzərdən keçirir.
Müzakirə olunan variantlar arasında ölkələrin daha kəskin azalmaları təxirə salmasına icazə verməkdən tutmuş, başqa ölkələrdə maliyyələşdirdikləri karbon azalmalarını nəzərə almaq imkanına qədər müxtəlif seçimlər var.
Digər bir ideya isə meşələr və ya texnologiyalar vasitəsilə havadan çıxarılan karbon miqdarına daha çox üstünlük verməkdir.
Vətəndaş cəmiyyəti qrupları bu tədbirlərin planetin isinməsinə səbəb olan emissiyaları tamamilə aradan qaldırmaq istiqamətində Aİ-nin ümumi səylərini zəiflədə biləcəyindən xəbərdarlıq edirlər.
tag: Avropa İtitfaqı,İqlim,Hədəf,Çəkilmə,Todaypress.az,