Avropa pivəsinə rüsum Niderland istehsalçılarını narahat edir

Dünya

05.04.2025 09:20

1863

ABŞ tərəfindən Avropadan idxal edilən pivəyə tətbiq olunan yeni gömrük rüsumları Niderland pivə istehsalçıları arasında ciddi narahatlıq doğurub. 

TodayPress xəbər verir ki, bu barədə “RIA Novosti”yə Niderland Pivəçilər Assosiasiyasının direktoru Meint Vaterlander məlumat verib.

Məlumata görə, pivə ABŞ tərəfindən alüminiuma tətbiq olunan 25%-lik rüsum siyahısına daxil edilib.

Vaterlander qeyd edib ki, ABŞ Niderlandda istehsal olunan pivənin ən böyük ixrac bazarlarından biridir: ölkə üzrə pivə ixracının 40%-i okeanın o tayına yönəldilir.

Assosiasiya rəhbəri bildirib ki, qiymətlərin formalaşması təkcə istehsalçıları deyil, həm də fermerləri, pivə zavodlarının işçilərini, ictimai iaşə müəssisələrini, logistika və liman sektorunu əhatə edir.

Buna görə də o, pivəyə tətbiq olunan tariflərin azaldılması istiqamətində həll yollarının axtarılmasının vacibliyini vurğulayıb.

Vaterlander həmçinin əlavə edib ki, hazırda Assosiasiya ABŞ-yə göndərilən məhsulların alüminium rüsumlarına necə təsir etdiyini daha dəqiq anlamağa çalışır.

Çünki Niderland ABŞ-yə həm şüşə butulkalarda, həm də alüminium qutularda pivə ixrac edir.

Qiymət Mahir

tag: Avropa ,Pivə,Rüsum,Niderland,Todaypress.az,