Avropa: Rusiya qazı üçün əvəzləyici tapmaq mütləqdir
Avropa İttifaqı (Aİ) Rusiyadan yanacağa ümumi asılılığı azaltmaq üçün ABŞ-də qaz tədarükçüləri axtaracaq və bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirəcək.
TodayPress, "Reuters"ə istinadən xəbər verir ki, Rusiya qazının əvəzedicisinin tapılmasının zəruriliyini Aİ-nin enerji məsələləri üzrə komissarı Den Yorgensen bəyan edib.
Avropa rəsmisi bildirib ki, Brüssel bərpaolunan enerji layihələrinin tikintisini sürətləndirmək üçün qaydalara dəyişikliklər hazırlayır. Qazın tez bir zamanda elektrik enerjisi ilə əvəz oluna bilməyəcəyi sənaye və ev isitmə ehtiyacları üçün Aİ ABŞ kimi alternativ mənbələrin tapılması səylərini gücləndirəcək.
"Vergi ödəyicilərinin, vətəndaşların pullarını, gəlirləri Putinin xəzinəsinə daxil olan qaza xərcləməkdənsə, biz öz enerjimizi istehsal etməyə diqqət etməliyik" deyə o bildirib.
Aİ qanunlarına görə, 2050-ci ilə qədər blokun iqlim dəyişikliyi hədəfinə çatmaq üçün Avropa qaz müqavilələri 2049-cu ilə qədər ləğv edilməlidir. Yorgensen bildirib ki, Komissiya qiymət artımlarına səbəb olan spekulyativ ticarətdən qaçmaq üçün bazarda nəzarəti gücləndirmək üzərində işləyir. Elektrik enerjisinin pərakəndə satış qiymətlərini yüksək qaz qiymətlərindən ayırmaq üçün nəzərdə tutulmuş "maliyyə alətləri" gələn həftə təqdim olunacaq.
Bundan başqa, Aİ 2025-ci ilin yayında qaz qiymətlərinə mümkün yeni limiti nəzərdən keçirir. Onlar operatorların yeraltı anbarlarda qaz ehtiyatlarını bərpa edəcəyi vaxtda yanacağın alınması xərclərini məhdudlaşdırmağı planlaşdırırlar. İndi anbarların doluluq səviyyəsi 50 faizdən, bəzi ölkələrdə isə 25 faizdən aşağı düşüb.
Bundan əvvəl "Bloomberg" bildirmişdi ki, Avropa hazırda qaz çatışmazlığı ilə üzləşmir, lakin gələn qış üçün qaz anbarının nə qədər tez doldurulacağı ilə bağlı narahatlıqlar var.
Töhfə Səməd
tag: Aİ,Rusiya,Qaz,İxrac,Den Yorgensen,todaypress.az,