Avropa “Şimal axını 2” ilə bağlı şayiələri təkzib edir
Avropa Komissiyası (AK) Rusiya qazının “Şimal axını 2” boru kəməri ilə nəqlinə başlanmasının qarşısının alınması yollarını müzakirə etmək üçün Almaniya ilə görüş hazırlamır.
TodayPress xəbər verir ki, bu barədə AK nümayəndəsi Paula Piqno Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyadan qalıq yanacaq almağı dayandırmaq planlarına sadiqdir və komissiyanın sədri Ursula fon der Lyayen ilə Almaniyanın gələcək kansleri Fridrix Merts arasında danışıqlara dair şayiələr əsassızdır.
Piqno həmçinin xatırladıb ki, AK 2022-ci ilə qədər olan dövr də daxil olmaqla “Şimal axını 2” layihəsini heç vaxt dəstəkləməyib və onu müzakirə mövzusu hesab etmir.
Qeyd edək ki, əvvəllər tədarükün başlanması ehtimalı digər Avropa rəsmiləri, eləcə də Almaniya nümayəndələri tərəfindən rədd edilirdi.
Onların iddialarına əsasən, qaz kəməri sertifikatlaşdırılmayıb, bu məsələ ilə bağlı bütün işlər 2022-ci ilin fevralında dayandırılıb.
Töhfə Səməd
tag: Avropa,Rusiya,Qaz,Kəmər,Şimal Axını 2,Todaypress.az,