Avropa üçün Türk PUA-larının istehsalına başlanılacaq

Dünya

10.03.2025 13:55

991

"Baykar" (Türkiyə) və "Leonardo" (İtaliya) Avropa üçün türk pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.   

TodayPress xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb. 

Nəşr vurğulayır ki, sövdələşmə Türkiyənin aparıcı PUA istehsalçısına yaxın on il ərzində tutumu 100 milyard avro dəyərində qiymətləndirilən Avropa dron bazarına daxil olmağa imkan verəcək. 

"Baykar" və "Leonardo" arasındakı razılaşma Türkiyə və İtaliyada PUA-ların yığılması üçün 50/50 ortaq müəssisənin yaradılmasını nəzərdə tutur. 

Avropada PUA sertifikatlaşdırılmasını asanlaşdıracaq müştərək müəssisənin yaradılması "Baykar" və "Leonardo" arasında beş aylıq gərgin işdən sonra mümkün olub.   

“Avropada pilotsuz texnologiyalar sahəsində boşluq var və bu, belə çətin vaxtlarda təhlükəsizlik üçün əsasdır” deyə "Leonardo" şirkətinin baş direktoru Roberto Sinqolani bildirib.   

Onun sözlərinə görə, İtaliya şirkətinin istehsal etdiyi ilk prototip "Baykar"ın "Akıncı" pilotsuz təyyarəsinin bir ildən sonra hazır olacaq versiyası olacaq. 

Töhfə Səməd

tag: Baykar,Leonardo,PUA,Türkiyə,İtaliya,istehsal,Todaypress.az,