Avstraliya qarğalarında müəmmalı xəstəlik araşdırılır
Avstraliyanın Murdoch Universitetinin alimləri qarğalarda yayılmış iflic sindromunu araşdırırlar.
TodayPress xəbər verir ki, bu sirli nevroloji vəziyyət ilk dəfə 2018-ci ildə müşahidə olunub, lakin son zamanlarda daha sürətlə yayılmağa başlayıb.
Murdoch Universitetinin Harri Batler İnstitutunun əməkdaşı Betani Cekson bildirib ki, xəstəliyə yoluxan quşlarda halsızlıq, hərəkət koordinasiyasının pozulması və hətta başlarını qaldıra və ya nəfəs ala bilməmə kimi ciddi simptomlar müşahidə olunur.
Əvvəlki bəzi halların botulizmlə əlaqəli olduğu güman edilsə də, hazırkı yayılma fərqli klinik xüsusiyyətlərə malikdir.
Ceksonun sözlərinə görə, onlar hazırda baytarlar, vəhşi təbiət mərkəzləri və “Wildlife Health Australia” təşkilatı ilə birlikdə xəstəliyin səbəblərini müəyyənləşdirmək üçün müxtəlif diaqnostik testlər həyata keçirirlər. Araşdırmalar həm mikroskopik toxuma və hüceyrə analizlərini, həm də genişmiqyaslı məlumat toplanmasını əhatə edir. Lakin xəstəliyin dəqiq səbəbi hələlik naməlum olaraq qalır, bu isə vəhşi təbiət xəstəliklərinin diaqnostikasında çətinlikləri və resurs çatışmazlığını bir daha gündəmə gətirir.
Betani Cekson ictimaiyyəti zərər görmüş qarğalara rast gəldikdə bunu yerli vəhşi təbiət orqanlarına və ya baytarlara bildirməyə çağırıb.
Onun sözlərinə görə, ictimai dəstək bu müəmmalı sindromun yayılmasının qarşısının alınması üçün vacibdir.
Qiymət Mahir
tag: Avstraliya,Qarğa,Xəstəlik,Araşdırma,Todaypress.az,