Avstraliyada 55 yeni növ hörümçək aşkarlandı

Dünya

14.04.2025 17:42

23

Avstraliyalı alimlər ölkənin ucqar ekosistemlərində apardıqları geniş tədqiqat nəticəsində 55 yeni növ “çənbər hörümçəyi” (wishbone spider) aşkar ediblər. 

TodayPress xəbər verir ki, bu barədə Qərbi Avstraliya Universiteti məlumat yayıb.

Tədqiqat “Aname” cinsinə aid hörümçəkləri əhatə edib.

Bu qrup parlaq bürünc, qızılı və ya gümüşü tükləri, eləcə də ipək ilə örtülmüş dərin yuvaları ilə tanınır.

Onlar tarantulalar və tələkörpü hörümçəkləri ilə eyni geniş ailəyə daxildirlər.

Tədqiqatın rəhbəri Ceremi Uilson bildirib ki, “Aname” cinsinə aid növlərin sayı 300-ə çata bilər və bu, onu dünyanın ən zəngin hörümçək qruplarından birinə çevirir.

Hazırda bu növlərin yalnız təxminən 40%-i elmi cəhətdən təsvir olunub.

Digərləri isə əsasən Avstraliyanın quraq və əlçatmaz bölgələrində yaşayır. İki ildən artıq araşdırma aparan Uilson müxtəlif muzey və elmi-tədqiqat mərkəzlərində işləyib, sahə səfərlərində nümunələr toplayıb və laboratoriya analizləri aparıb.

“Bu iş Avstraliyanın hörümçək faunasının zənginliyinin xəritələndirilməsinə daha bir töhfədir”  deyə o bildirib.

Tədqiqat zamanı həmçinin əvvəllər tanınan 10 növün kimliyi dəqiqləşdirilib və 130-dan çox yeni DNT qeydi əlavə olunub.

Bu məlumatlar hörümçəklər arasında genetik əlaqələrin araşdırılmasına imkan verəcək.

Uilson əlavə edib ki, bu tədqiqat həm çənbər hörümçəklərinin müxtəlifliyini üzə çıxarır, həm də Avstraliyanın ucqar bölgələrindəki bioloji zənginliyi daha aydın göstərir. 

Qiymət Mahir

tag: Avstraliya,55 növ,Hörümçək,Kəşf,Todaypress.az,